Vərəm ana südü ilə keçə bilərmi? - Səhiyyə Nazirliyindən açıqlama

22.10.2025 11:45 21 baxış sayı 2 dəq. oxuma Trend
Vərəm ana südü ilə keçə bilərmi? - Səhiyyə Nazirliyindən açıqlama

Bakı.


Əgər vərəm hamiləlik dövründə baş veribsə və müalicə vaxtında aparılırsa, adətən uşağın sağlamlığı üçün ciddi təhlükə yaranmır. Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova Nazirliyin rəsmi "Instagram" hesabındakı canlı yayım zamanı məlumat verib.


İ. Axundovanın sözlərinə görə, əksinə, müalicə gecikərsə, ana zəifləyir. Oksigen çatışmazlığı və qidalanma pozğunluğu səbəbindən dölün inkişafı geriləyə bilər. Bu vəziyyət erkən doğuş və ya az çəkili körpə riskini artırır. O qeyd edib ki, burada əsas məqam müalicənin mütəxəssis nəzarəti altında və təhlükəsiz preparatlarla aparılmasıdır. Səbəb odur ki, bəzi dərmanlar hamiləlikdə istifadə olunmur, digərləri isə xüsusi nəzarətlə təyin edilir.


İnstitut direktoru bildirdi ki, körpə vərəmli anadan doğulsa belə, qorunması mümkündür. Əgər ana vaxtında müalicə alır və yoluxucu fazada deyilsə, uşaq izolyasiya və profilaktik müalicə altında qoruna bilər. Bu zaman körpənin müvafiq müşahidəsi və BCG peyvəndi mühüm əhəmiyyət daşıyır. Həkimin qərarına əsasən, peyvənd adətən doğuşdan bir neçə həftə sonra vurulur.


Mütəxəssis vərəmin ana südü ilə keçmədiyini də vurğulayıb. Lakin, əgər ana açıq (yoluxucu) vərəm forması daşıyırsa, öskürək və hava-damcı yolu ilə uşağı yoluxdura bilər. Bu halda ana südvermə zamanı mütləq maskadan istifadə etməlidir. O, südvermədən əvvəl əllərini və sinəsini təmiz saxlamağı tövsiyə edib. Bəzi hallarda isə həkimlər ananın vəziyyətindən asılı olaraq, müvəqqəti süni qidalanma məsləhət görə bilərlər.

Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın
Paylaş: