TƏBİB Astarada hamilə qadının toyundan sonra ölməsinin ilkin səbəbini açıqlayıb - YENİLƏNİB

29.10.2025 09:37 10 baxış sayı 2 dəq. oxuma Report
TƏBİB Astarada hamilə qadının toyundan sonra ölməsinin ilkin səbəbini açıqlayıb - YENİLƏNİB

Astara rayonunda toyundan bir gün sonra faciəvi şəkildə dünyasını dəyişən hamilə qadının ölümünün ilkin səbəbləri Səhiyyə Nazirliyinin tabeliyində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən açıqlanıb. Hadisə rayonun Deqədi kəndində baş verib. Kənd sakini, 2008-ci il təvəllüdlü Ə.İmanovanın toyu olub. Toydan sonra o, vəziyyətinin pisləşdiyini hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


İlkin məlumata görə, gəlin köçən Ə.İmanovanın hələ 18 yaşı tamam olmamışdı və o, hamilə imiş. TƏBİB-in məlumatında deyilir ki, qadın 28.10.2025-ci il tarixində saat 22:00 radələrində Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Həkim müayinəsi nəticəsində pasiyentə çox ağır diaqnozlar qoyulub. Ona 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı təyin edilib.


Həmçinin pasiyentdə toksik ensefalopatiya və septiki şok aşkar edilib. Qadının müalicəsi Reanimasiya şöbəsində davam etdirilib, hətta o, süni tənəffüs cihazı ilə təmin olunub. Həkimlər onun həyatını xilas etmək üçün böyük səylər göstəriblər, lakin bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.


Faktla bağlı araşdırma aparılır. Mərhumun meyiti təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib. Araşdırmanın nəticələri faciənin dəqiq səbəbini müəyyənləşdirməyə kömək edəcək.


E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: