🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Onlar üçün açıq havada idman-əyləncə sahəsi istifadəyə verildi - FOTOLAR

24.11.2020 11:59 386 baxış sayı 5 dəq. oxuma
Onlar üçün açıq havada idman-əyləncə sahəsi istifadəyə verildi -

Heydər Əliyev Fondunun təşəbbüsü və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Bakının Xətai rayonundakı idman-əyləncə park kompleksində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün “DOST Guşəsi” adlı idman və əyləncə sahəsi istifadəyə verilib.

Burada fiziki məhdudiyyətli şəxslərin müxtəlif idman növləri ilə məşğul ola bilmələri, asudə vaxtlarını keçirmələri məqsədilə, həmçinin onların istifadə imkanlarına uyğun idman avadanlıqları, karusellər və əlavə qurğular quraşdırılıb. Əlil arabasında olan şəxslər də ərazidə idmanla məşğul ola, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar əyləncə qurğularından yararlana biləcəklər.

Layihənin təqdimatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova iştirak ediblər.

Təqdimat zamanı Prezident İlham Əliyevin həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə xüsusi qayğısından bəhs olunub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr sırasında sosialyönümlü, həmçinin əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlara yönəlik tədbirlərin xüsusi yer tutduğu bildirilib.

Qeyd edilib ki, fiziki məhdudiyyətləri olan insanların qayğı ilə əhatə olunması, reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının artırılması istiqamətində Heydər Əliyev Fondu bu günədək dövlət siyasətinə dəstək olaraq bir sıra layihələr həyata keçirib. Eyni zamanda, həmin insanlar arasında sağlam həyat tərzinin formalaşdırılması, onların idmana marağının artırılması, bu məqsədlə müvafiq şəraitin yaradılması diqqətdə saxlanır.

Xətai rayonundakı idman-əyləncə park kompleksində “DOST Guşəsi”nin yaradılması da bu mərama xidmət edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə artıq bir neçə ildir “Bizim həyət” layihəsi icra olunur. Bu zaman da sağlam həyat tərzinin formalaşdırılması, eləcə də əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti, asudə vaxtlarını mənalı keçirmələri üçün şəraitin yaradılması diqqətdə saxlanır.

Bildirilib ki, Sosial Xidmətlər Agentliyi də fiziki məhdudiyyətli vətəndaşların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası imkanlarının artırılmasına yönələn layihələrə dəstək verir və belə layihələr gələcəkdə də davam edəcək.

 









Paylaş: