
Misir Prezidenti azərbaycanlı alimi birinci dərəcəli ordenlə təltif etdi

Misir Prezidenti Əbdül Fəttah əl-Sisi azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirovu birinci dərəcəli "Elm və Fənlər" ordeni ilə təltif edib.
Metbuat.az xəbər verir ki, bu barədə Report-a alimin özü məlumat verib.
Bildirilib ki, Misir Prezidentinin şəxsən özü tərəfindən təqdim olunan bu orden elmin inkişafı və yayılması sahəsində müstəsna xidmətləri olmuş görkəmli alim və maarifpərvər şəxslərə verilir.
Qeyd edək ki, S.Nəsirov Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədridir. Misirdə 23 il ərzində onun rəhbərlik etdiyi müəssisələrdə dünyanın əksər ölkələrindən olan minlərlə tələbə təhsil alaraq ölkələrinə qayıdıb. Hazırda dünyanın 65 ölkəsindən Misirdə təhsil alan 1700-dən çox tələbə bu müəssisələrdə təhsillərini davam etdirirlər.
O, 25 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır. Bu tədqiqatlardan ərsəyə gələn, 250-dən çox əslən azərbaycanlı alim haqqında iki kitabın müəllifidir. S.Nəsirov 1600-dən çox misirliyə Azərbaycan dilini tədris edib. Onun yazdığı məqalələr və elmi-ictimai fəaliyyətlər ərəb mediasında geniş şəkildə dərc olunur.
Seymur Nəsirov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ildə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı və 2024-cü ildə azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunub. 2020-ci ildə isə Azərbaycanın diaspor siyasətinə verdiyi böyük töhfələrə görə "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif olunub.
Oxşar xəbərlər

Təltif olunan hərbi qulluqçuların sayı açıqlandı
Son Xeberler

Vuçiç Ceyhun Bayramovutəltif etdi
Bugun.az

Prezident onları təltif etdi -
Son Xeberler

Prezident İlham Əliyev Misir Senatının sədrini qəb...
Bugun.az

Zelenski azərbaycanlı generalı təltif etdi
Son Xeberler

İlham Əliyev misirli həmkarını təbrik etdi
Bugun.az