
Zəngilan tezliklə respublikamızın gözəl guşələrindən birinə çevriləcək

Vətən müharibəsinin hər günü Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizi azad etməsi ilə yadda qaldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, “44 gün ərzində Ordumuz bir dəfə də olsun geriyə addım atmadı, ancaq irəli gedirdik”. Buna görə də 44 gün hər bir azərbaycanlını sevindirən qələbələr və hadisələrlə doludur. Hər il oktyabrın 20-də xalqımız Vətən müharibəsinin əlamətdar hadisələrindən birini, Zəngilan rayonunun işğaldan azad edilməsini, qürurla qeyd edir. Bu gün Zəngilanın azad olunmasından beş il ötür. Füzuli və Cəbrayıl rayonları 1993-cü ilin avqust ayında işğal edildikdən sonra Zəngilan düşmənin əhatəsində qalmışdı. Kömək çatmamasına baxmayaraq, zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə qəhrəmancasına vuruşdular, həmin döyüşlərdə 235 nəfər şəhid oldu və itkin düşdü.
Vətən müharibəsinin ilk həftələrində Cəbrayıl, Hadrut və Füzulinin azad edilməsi Zəngilanın da düşməndən geri alınacağı günün yaxın olduğunu göstərirdi. Ermənistan ordusunun Cəbrayıl rayonu ərazisində darmadağın edilməsi Silahlı Qüvvələrimizin böyük döyüş gücünü təsdiqlədi. Bu hadisə hərbi birləşmələrimizin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına imkan verdi. Oktyabrın 20-də Zəngilan şəhəri və rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri işğaldan azad edildi. Həmin gün Ali Baş Komandan xalqa müraciətində düşmənin belinin qırılacağını bir daha bəyan etdi. Zəngilan uğrunda aparılan əməliyyat oktyabrın 18-də başladı və qısa müddətdə ordumuz növbəti günlərdə rayonun dörd qəsəbəsini və daha 49 kəndini geri aldı. Rayonun digər yaşayış məntəqələrinin azad edilməsi 2020-ci il oktyabrın 22-də uğurla başa çatdırıldı. Prezident İlham Əliyevin sərəncamları ilə bu əməliyyatlarda iştirak edərək igidlik göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Zəngilanın azad edilməsi Azərbaycanın əldə etdiyi növbəti strateji və psixoloji uğur oldu. Bu hadisə hərbi birləşmələrimizin hücum sürətini nümayiş etdirdi. Ordumuzun Zəngilanı azad edərək Ermənistanla sərhədə çatması düşmənə böyük mənəvi zərbə oldu. Eyni zamanda, 30 ilə yaxın müddətdə işğal altında qalan Azərbaycan-İran sərhədi bərpa olundu, Qubadlı istiqamətində irəliləmək üçün əlverişli şərait yarandı. İşğal dövründə Zəngilan vandallığa məruz qalıb, təbii sərvətləri talan edilib. Ermənilər illər ərzində "Vejnəli" qızıl yatağını qanunsuz istismar ediblər. Onlar buradan mərmər, qranit və digər yeraltı sərvətləri Ermənistana daşıyıblar. Rayonda mövcud olmuş çinar meşəliyi tamamilə məhv edilib, Oxçuçay çayı isə ekoloji terrora məruz qalıb. Bu gün Zəngilan dövlətin öz gücü ilə yenidən qurulur. Zəngilan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın ilk ünvanıdır. Keçmiş məcburi köçkünlərin doğma evlərinə qayıdışı 2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndindən başlayıb. Ağalı kəndi “Ağıllı kənd” konsepti əsasında yenidən qurulan pilot layihədir və burada ağıllı idarəetmə, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.
Ağalıdan başlayan quruculuq hərtərəflidir. Rayonda həm infrastrukturlar bərpa olunur, həm yaşayış məntəqələri yenidən qurulur, həm də iqtisadi potensialı hərəkətə gətirən layihələr reallaşdırılır. 2021-ci ildən ötən dövrdə Zəngilanda Konqres Mərkəzinin, Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, "Sarıqışlaq," "Zəngilan," Cahangirbəyli və "Şayıflı" su elektrik stansiyalarının, "Zəngilan" yarımstansiyasının və "Ağalı" hotelinin tikintisi başa çatdırılıb. “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksi istifadəyə verilib, Zəngilan məscidi isə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub. Hazırda rayonda Rəqəmsal Yarımstansiyanın, Zəngilan şəhərində yaşayış komplekslərinin, uşaq bağçasının, məktəb binasının, İstirahət Kompleksinin inşası davam edir. Şəhərin daxili yol-kommunikasiya şəbəkəsi qurulur, Alıbəyli, Zəngilan, Cahangirbəyli kəndlərinin və Mincivan qəsəbəsinin bərpası işləri davam edir.
Yaxın gələcəkdə Zəngilan Şərqi Zəngəzur iqtisadi rayonunun əsas nəqliyyat qovşaqlarından birinə çevriləcək. Rayonda həyata keçirilən nəqliyyat layihələri bunu göstərir. 2021-ci ilin may ayında təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanı 2022-ci ilin oktyabr ayında başa çatdırılıb. Bu, Füzuli Beynəlxalq Hava Limanından sonra işğaldan azad olunan ərazilərimizdə istifadəyə verilən beynəlxalq statuslu ikinci hava limanıdır. Bu liman ağır yük təyyarələri də daxil olmaqla, bütün növ təyyarələri qəbul etmək imkanına malikdir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun və Zəngilan-Horadiz avtomobil yolunun istifadəyə verilməsi planlaşdırılır. Bu yollar yaxın gələcəkdə işə salınacaq Zəngəzur dəhlizinin əsas seqmentləri olacaq və Zəngilanın nəqliyyat mərkəzinə çevrilməsini təmin edəcək. Prezident İlham Əliyevin sərəncamı ilə oktyabrın 20-si ölkəmizdə Zəngilan şəhəri günü kimi qeyd olunur. Cənab Prezidentin xüsusi diqqəti altında həyata keçirilən bu quruculuq sürətli və qürurvericidir. Artıq işıqları yanan Zəngilan tezliklə respublikamızın dilbər guşələrindən birinə çevriləcək.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlə...
Bugun.az

Aşıq Ələsgərin Abidəsinin Açılışı: Prezident İlham...
Son Xeberler

Zəngilanda yol qəzası olub,
Son Xeberler

Zəngilan: Yeni Yaşayış Kompleksi - Görüntülər
Son Xeberler

Dastana dönən şəhid Xudayarın yeni görüntüləri - V...
Son Xeberler

Zəngilan rayonunun təhsil statistikası açıqlandı
Son Xeberler