Sosial şəbəkədə onlayn qumar təşkil edən dəstənin məhkəməsi başlayıb

21.10.2025 09:34 23 baxış sayı 4 dəq. oxuma APA
Sosial şəbəkədə onlayn qumar təşkil edən dəstənin məhkəməsi başlayıb

Sosial şəbəkələrdə qanunsuz onlayn qumar oyunları təşkil etməkdə təqsirləndirilən 12 nəfərlik mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirildi. Prosesdə ittiham aktı elan edildi. Məhkəmə iclasının davamı oktyabrın 27-də reallaşdırılacaq. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bu şəbəkəni ifşa etmək məqsədilə xüsusi əməliyyat aparmışdı. Dəstə üzvləri fəaliyyət üçün müxtəlif adlar altında səhifələr açmış, vətəndaşları onlayn qumar oyunlarına cəlb etmişdilər. Əməliyyat çərçivəsində dəstənin rəhbərləri 1980-ci il təvəllüdlü Elçin Quliyev və 1986-cı il təvəllüdlü Orxan Məmmədov başda olmaqla, altı nəfər saxlanılaraq məsuliyyətə cəlb edilmişdi.


Araşdırmalar göstərir ki, cinayətkar şəbəkəyə müxtəlif yollarla 40-dan çox şəxs cəlb olunmuşdu. Şəbəkə gizliliyi təmin etmək üçün əsasən Rusiya, Gürcüstan, Ukrayna kimi ölkələrə məxsus mobil nömrələrdən istifadə edirdi. Onlar sosial şəbəkələrdə çoxlu səhifələr yaradır, vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına çəkirdilər. “Fast Loto”, “CHCPlay”, “MostBet” kimi qeyri-leqal saytlara birbaşa admin statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində virtual idarəetmə sistemi qurmuşdular. Onlar kirayə götürdükləri mənzillərdə dəstə başçılarının göstərişləri əsasında fəaliyyət göstərirdilər. Əməliyyat zamanı minə yaxın bank kartı tapıldı; bu kartlar ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz işlərdə istifadə olunmuşdu. Şəbəkə üzvlərinin bank hesablarının ümumi dövriyyəsinin 10 milyon manatdan çox olduğu aşkarlanıb.


Şəbəkə rəhbəri E. Quliyev cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitini leqallaşdırmaq üçün çirkli pulların yuyulması əməliyyatlarını aparırdı. O, iş adamı görüntüsü yaratmaq məqsədilə özünün və yaxın qohumlarının adına heç bir fəaliyyəti olmayan şirkətlər açmışdı. Quliyev mütəmadi olaraq xarici ölkələrə, xüsusən də Gürcüstana səfərlər edirdi. O, həmçinin qanunsuz qumar oyunlarını təşkil edən transmilli cinayətkar dəstə başçıları ilə dəfələrlə xarici ölkələrdə görüşlər keçirmişdi. Bu görüşlərdə Azərbaycana yeni kiber sistemlər gətirmək üçün gizli sövdələşmələr edilirdi. Şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlə aldıqları daşınmaz əmlaklar müəyyən edildi. Bu əmlaklar içərisində mənzillər, torpaq sahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobillər var; məhkəmə qərarları ilə onların üzərinə həbs qoyulub.


Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı maddi sübutlar götürüldü. Tapılanlar arasında elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş 30-dan artıq xarici mobil telefon nömrəsi və 2 milyon manat nəğd pul vəsaiti var idi. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Şəbəkəyə başçılıq edən E. Quliyev və daha dörd nəfər barəsində həbs qətimkan tədbiri seçilib.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: