
Məhkəmədə Harutyunyan, Mnatsakanyan, Sahakyan, Manukyan və Qukasyanla bağlı sübutlar elan olunub

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqırımı, terrorçuluq, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı əməllərdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 6-da davam etdirilib. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə keçirilən bu iclasda təqsirləndirilən şəxslər bildikləri dildə tərcüməçi, həmçinin müdafiə üçün vəkillərlə təmin olunublar. İclasda təqsirləndirilən şəxslərlə yanaşı, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər. Məhkəmə iclası prokurorların ittiham çıxışı ilə davam etdirilib. Bu gün keçirilən məhkəmədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda cinayətkar birliyin tərkibindəki rollarını təsdiq edən sənədlərin və sübutların elan olunmasına başlanılıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təqsirləndirilən şəxs Arayik Harutyunyan ilə bağlı sənədləri və sübutları diqqətə çatdırıb. Bildirilib ki, Harutyunyan 1991-ci ilin dekabrında cinayətkar birliyə qoşulub və 2023-cü il sentyabrın 20-dək bu birliyin tərkibində müxtəlif funksiyaları icra edərək törədilmiş bütün cinayətlərdə bilavasitə və dolayı yolla iştirak edib. Tədqiq olunmuş sübutlar onun sıravi iştirakçı olmadığını, Ermənistan ordusunun döyüş qabiliyyətinin təmin edilməsində, qanunsuz silahlı birləşmələrin fasiləsiz təchizatında birbaşa rol oynadığını sübut edir. A. Harutyunyanın 1990-cı illərdə Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərdə, qardaşı ilə birlikdə Kərkicahan qəsəbəsində və Xocalıda gedən döyüşlərdə iştirak etməsi də təsdiqini tapıb. Məhkəmədə tədqiq edilmiş videomateriallar onun sadəcə işğal altında olan ərazilərə səfər etmədiyini, həm də döyüş mövqelərinin yoxlanılmasına, hərbi əməliyyatların davamlılığının təmin olunmasına yönələn fəaliyyətlərdə iştirak etdiyini göstərir. Bu, onun Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı aparılan hərbi təcavüzün informasiya, təşkilati və kadr təminatı istiqamətində mühüm rol oynadığını bir daha təsdiqləyir.
Dövlət ittihamını müdafiə edən prokurorlar digər təqsirləndirilən şəxslər barədə də məlumatları açıqlayıblar. Baş Prokurorluğun idarə rəisi Nəsir Bayramov Levon Mnatsakanyanın Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı aparılan təcavüzkar müharibədə iştirak etdiyini və cinayətkar birliyin əsas üzvlərindən olduğunu, qondarma rejimin “ordu quruculuğunda” mühüm rol oynadığını bildirib. Prokuror Fuad Musayev isə Bako Sahakyanla bağlı zəruri xüsusatları elan edib. Sahakyanın hüquqşünas diplomuna malik olmasına baxmayaraq, etnik təmizləməni, təcavüzkar müharibəni və suveren ərazilərin işğalını inkar etməsi insani dəyərlərin təhqiridir. Qeyd olunub ki, Sahakyan ağır cinayətlərin törədilməsinə birbaşa rəhbərlik etmiş Serj Sarkisyanın köməkçisi olub, bu da onun 1988-ci ildən bəri işğalçılıq siyasətinə sadiqliyini sübut edir. Prokuror Vüsal Abdullayev David Manukyanın Azərbaycan ərazilərinin işğal altında saxlanılmasında əsas rollardan birini oynadığını diqqətə çatdırıb. Manukyanın üzvü olduğu Şuşa batalyonu 1991-1994-cü illərdə Hadrut, Əsgəran, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər və Zəngilan rayonlarının işğalında aktiv iştirak edib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Arkadi Qukasyan barəsində irəli sürülmüş ittiham üzrə məlumatları elan edib. Qukasyan cinayətkar birliyə yaradılmasının ilk günlərindən qoşulub. Buna görə də ona 1988-ci ildən 2023-cü ilin sentyabr ayınadək aparılmış təcavüzkar müharibə və işğal dövründə törədilmiş bütün cinayət hadisələri üzrə ittiham verilib. A. Qukasyan yalnız işğal siyasətini müdafiə etməyib, həm də konkret hərbi və siyasi rəhbərləri təşviq edərək dinc əhaliyə qarşı zorakılığı qanuniləşdirib. İttiham tərəfinin çıxışları zamanı təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayətlərə aid fotoşəkillər məhkəmə zalında nümayiş etdirilib. Ümumilikdə 15 təqsirləndirilən şəxsin ittiham olunduğu bu iş üzrə məhkəmə prosesi noyabrın 7-də davam edəcək. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımı, terrorçuluq, qəsdən adam öldürmə, müharibə qanunlarını pozma və digər ağır maddələri ilə ittiham olunurlar.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının məhkəməsində 8 nəfər az...
Azəri Xəbər

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin tör...
Azəri Xəbər

Ermənistanın əsirliyində və girovluğunda olmuş azə...
Azəri Xəbər

Ermənistanda əsirlikdə olmuş azərbaycanlıların işg...
Azəri Xəbər

Prokuror: Arayik Harutyunyanın cinayətlərdə iştira...
Azəri Xəbər

Ordu məhv oldu, özümüz kölə... –
Son Xeberler



