Casusluqda ittiham edilən şəxsin məhkəməsində şahidlər dindirilib

25.11.2025 10:37 4 baxış sayı 5 dəq. oxuma Trend
Casusluqda ittiham edilən şəxsin məhkəməsində şahidlər dindirilib

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən bu prosesdə bir neçə şahid ifadə verdi. İş üzrə şahid qismində tanınan J.S. bildirib ki, Martin Ryan ilə 2022-ci ilin sentyabr-oktyabr aylarında Facebook-da tanış olub. J.S. ortaq tanışları olduğu üçün Ryanın dostluq təklifini qəbul etdiyini deyib.


Onların söhbətləri zamanı Martin Ryan Azərbaycanda bizneslə məşğul olmaq və ailə qurmaq planlarından danışırmış. Onlar bir neçə dəfə görüşdülər, lakin sonradan Ryanla əlaqə kəsildi. Telefonuna zəng çatmadı, dostlarının da ondan məlumatı yox idi. J.S. sonradan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ryanla bağlı ifadə vermək üçün çağırılıb. J.S. Martinin casus olmasından xəbəri olmadığını vurğulayıb və əks halda özünün aidiyyəti quruma məlumat verəcəyini söyləyib. O, Martinin Azərbaycanda Azad, Ü.Ə və Z.M. adlı üç yaxın dostu olduğunu, Z.M.-in ona ev tapmaqda kömək etdiyini, Azadın ağıllı, Ü.Ə-nin isə səmimi biri olduğunu söylədiyini qeyd edib.


Daha sonra S.Ş. adlı şahid dinlənilib. O, Fransa səfirliyinin əməkdaşı olmuş Loran Qrarda evini müqavilə əsasında kirayə vermişdi. S.Ş. Badamdarda yerləşən iki mərtəbəli evini aylıq 2000 manata kirayə verdiyini və pulun manatla ödənildiyini bildirib. Şahid Loranın səfirlikdə hansı işlə məşğul olduğunu bilmədiyini deyib. O, pulu hər ay şəxsən gedib alırmış. Bir dəfə zəng etdikdə cavab gəlməyib, evə getdikdə isə qapının bağlı olduğunu görüb. S.Ş. səfirliyin "e-mail" ünvanına yazdığı zaman Loranın təcili şəkildə Fransaya getdiyi və açarların səfirlikdə olduğu barədə cavab alıb. Bir gün sonra səfirliyin bir qadın əməkdaşı gəlib açarı təhvil verib. S.Ş. Loran Qrardın evdə ailəsi ilə qaldığını və kirayə müddətində şübhəli bir məqamla rastlaşmadığını ifadə edib.


Prosesdə ifadə verən digər şahid R.M. Fransada təhsil aldığını və səfirliyin tədbirində dostu vasitəsilə Martin Ryanla tanış olduğunu deyib. R.M. Azərbaycana qayıtdıqdan sonra Martin də gəlib və onlar əlaqələri qorumaq məqsədi ilə görüşüblər. R.M. və Martin birgə işləyərək şirkətlərini böyütmək qərarına gəliblər. Onlar bunun üçün fransız əsilli Gürcüstan vətəndaşı Lüdovik Girod ilə əməkdaşlığa başlayıblar. Martinin direktor olduğu ortaq şirkət açılıb, lakin R.M.-in payı cəmi 15-20 faiz olduğu üçün həlledici qərarı onlar verirdi. Şirkətin funksiyası sifarişlərin (məsələn, şərab çəlləklərinin) çatdırılması olub. Faiz məsələsində problem yaranandan sonra R.M. ilə Martinin münasibəti soyuyub və iki il danışmayıblar. Şahid R.M. həmçinin Martinin 2023-cü ildə Bakıdakı kafedə ona Fransa səfirliyinin ağsaçlı əməkdaşlarından birinin Afrikadakı şəxsə pul köçürməyi təklif etdiyini dediyini xatırlayıb; Martin bu şəxsin kəşfiyyatçı olduğuna inanırdı. R.M. həm də Martin Ryanın Fransa səfirliyinin əməkdaşından klaviatura almasına şahidlik edib. Görüş zamanı Martinin rus agenti olduğundan şübhələndiyi Olqa adlı bir xanımın adı da keçib. Dövlət ittihamçısının sualına cavab olaraq R.M. Martinin casusluq etməsi barədə heç bir məlumatı olmadığını bildirib. Martin Ryan isə ifadələrə münasibət bildirərək, direktor seçilməsinin oturum icazəsi almaq üçün lazım olduğunu deyib.


Məhkəmə iclası yanvarın 12-də davam edəcək. İttiham aktına görə, "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryan casusluq maddəsi (AR CM 276) ilə ittiham olunur. O, Fransa xüsusi xidmət orqanının (DGSE) tapşırığı ilə Azərbaycanda istehsal edilən silah-sursatlar, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, müxtəlif ölkələrlə hərbi əməkdaşlıq planları və Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları haqqında məlumat toplamaqda şübhəli bilinir. Azərbaycan vətəndaşı Azad Məmmədli isə dövlətə xəyanətdə (AR CM 274) təqsirləndirilir. Təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: