Dövlətə xəyanətdə və Fransaya casusluqda ittiham olunanların işində şahidlər nələri açıqlayıb? - Məhkəmədə diqqət çəkən məqamlar

28.10.2025 07:05 7 baxış sayı 4 dəq. oxuma APA
Dövlətə xəyanətdə və Fransaya casusluqda ittiham olunanların işində şahidlər nələri açıqlayıb? - Məhkəmədə diqqət çəkən məqamlar

Dövlətə xəyanətdə ittiham edilən Azad Məmmədli və Fransaya casusluqda təqsirləndirilən Martin Ryan barəsində başlanmış cinayət işi üzrə növbəti məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Prosesdə dindirilən şahidlər Martin Ryanın dil kursları vasitəsilə yüksək rütbəli hərbçilərlə əlaqə qurduğunu və Fransa səfirliyinin əməkdaşlarının azərbaycanlı vətəndaşları necə məxfi əməkdaşlığa cəlb etməyə çalışdıqlarını açıqlayıb. Şahid ifadələrindən bəlli olur ki, bir sıra fransız diplomatları əslində ölkədən "persona non-grata" elan edilərək qovulmuş Fransa Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) əməkdaşları olublar. Onlar Azərbaycanın Rusiya və İran ilə münasibətləri, eləcə də ölkədəki hərbi və siyasi vəziyyət haqqında məlumatlar toplamaqla maraqlanıblar.


Şahid ifadələrinə görə, Martin Ryan Bakıdakı “World Business Centre”də fransız dili müəllimi kimi fəaliyyət göstərib və bu yolla əlaqələr qurmağa başlayıb. Təqaüddə olan polkovnik K.Y. bildirib ki, Ryan onun Dövlət Sərhəd Xidmətində işlədiyini öyrəndikdən sonra onun yaşadığı ünvan və şəxsi həyatı haqqında suallar verib. Digər bir şahid, dil kurslarının rəhbəri N.M., Ryanın həm DSX-də işləyən K.Y.-yə, həm də Rusiyanın Azərbaycandakı səfirliyində çalışan O.K.-ya dərs keçdiyini qeyd edib. Şahid Z.M. isə Martin Ryanla hələ 2008-ci ildə Fransada tanış olduğunu, Azərbaycana qayıtdıqdan sonra isə onunla bir müddət kirayədə qaldığını deyib. Z.M. məhkəməyə Azad Məmmədli ilə Martin Ryanı 2020-ci ildə bulvarda təsadüfən rastlaşarkən tanış etdiyini bildirib. Bundan sonra Məmmədli və Ryan dəfələrlə təklikdə görüşüblər.


Z.M.-in verdiyi ifadələr işin ən diqqətçəkən məqamlarından biri olub. O qeyd edib ki, Azad Məmmədli Şimali İrlandiyaya işləməyə getməzdən əvvəl Martin Ryan onu Fransa səfirliyinin əməkdaşları - Frederik Devos və Loran Qrardla görüşdürüb. Bu şəxslər Məmmədlini məxfi əməkdaşlığa cəlb etməyə çalışıblar. Hətta Ryan ona, Fransa xüsusi xidmət orqanının nümayəndələrinin Məmmədliyə yazılı tapşırığı kitabın arasına qoyub verdiklərini deyib. Məmmədli isə qarşılığında Fransa vətəndaşlığını tələb edib. Ryan, Fransa xüsusi xidmət orqanlarının İran və Rusiyanın Azərbaycandakı fəaliyyəti ilə çox yaxından maraqlandığını da Z.M.-ə bildirib. Ryanın köməyi ilə Fransa səfirliyində tərcüməçi işinə başlayan Z.M., Devosun və sonradan onu əvəz edən Loran Qrardın Fransanın kəşfiyyat əməkdaşları olduğunu da öyrənib. Ryan onlarla ayda bir-iki dəfə şəhərin mərkəzində yerləşən restoranlarda görüşdüyünü etiraf edib.


Digər şahid Ü.Ə. isə Martin Ryanın ona Loran Qrardın Azərbaycanda gənclərə Fransa xüsusi xidmət orqanlarına işləməyi təklif edərək agent kimi cəlb etməklə məşğul olduğunu söylədiyini bildirib. Ü.Ə. həmçinin Fransanın Bakıdakı səfirliyinin keçirdiyi tədbirlərin birində Loran Qrardla tanış olub. Qrard özünü birinci katib kimi təqdim edib və ona əməkdaşlıq təklif etsə də, Ü.Ə.-nin Xaçmazda işlədiyini öyrənincə fikrindən dönüb. İttiham aktına görə, Martin Ryan Azərbaycanın hərbi əməkdaşlıq planları, ölkəyə idxal edilən silah-sursatlar, 44 günlük Vətən müharibəsi zamanı ordunun komplektləşdirilməsi və digər ölkələrlə (İran, Rusiya, Türkiyə) münasibətlər barədə məlumat toplamaq tapşırıqları alıb. Martin Ryan (casusluq, CM 276) və Azad Məmmədli (dövlətə xəyanət, CM 274) 2023-cü il dekabrın 4-də həbs olunublar. Məhkəmə prosesi noyabrın 24-də digər şahidlərin dindirilməsi ilə davam edəcək.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: