
Casusluqda ittiham edilən Martin Ryanın məhkəməsində şahidlər dindirilib

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin işi üzrə növbəti məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) başlatdığı cinayət işi üzrə prosesə hakim Elmin Rüstəmov sədrlik edirdi. Bu iclasda şahidlər dindirildi və onlar təqsirləndirilən şəxslərlə tanışlıqları, həmçinin onların fəaliyyətləri barədə məlumatlar verdilər. İş üzrə şahid qismində tanınan J.S. bildirib ki, Martin Ryanla "Facebook" sosial şəbəkəsində tanış olub. J.S. qeyd etdi ki, 2022-ci ilin sentyabrın sonu, oktyabrın əvvəli Ryan ona dostluq atıb. Ortalarında ortaq tanışlar olduğu üçün J.S. həmin istəyi qəbul edib.
Şahid Ryamla söhbətlərində onun Azərbaycanda biznes qurmaq və ailə həyatı yaratmaq planlarından danışdığını söylədi. Onlar bir neçə dəfə görüşüblər, lakin sonradan Ryanla əlaqə kəsilib. J.S. əlavə edib ki, Ryanın casus olmasından xəbəri olmayıb. Əgər belə bir məlumatı olsaydı, o, özü aidiyyəti quruma məlumat verərdi. Ryanın burada Azad, Ü.Ə və Z.M adlı üç yaxın dostu var idi. Şahid S.Ş. isə Fransa səfirliyinin əməkdaşı olmuş Loran Qrarda Badamdarda yerləşən iki mərtəbəli evini müqavilə əsasında kirayə verdiyini ifadə etdi. O, evi aylıq 2000 manata kirayə verib və pulu hər ay şəxsən özü alırdı. Şahid Qrardın səfirlikdə nə işlə məşğul olduğu barədə heç bir məlumatı olmadığını dedi. S.Ş. Qrardın ailəsi ilə qaldığını və kirayə müddətində şübhəli bir halla rastlaşmadığını qeyd etdi. Kirayə müddəti bitəndə Qrard evdə olmayıb və S.Ş. səfirliyə yazdıqdan sonra, ona Qrardın təcili Fransaya getdiyi bildirilib. Bir gün sonra səfirliyin əməkdaşı gəlib açarı təhvil verib.
Digər şahid R.M. verdiyi ifadədə Martinlə Fransada təhsil aldığı dövrdə səfirliyin tədbirində tanış olduğunu deyib. O, ölkəyə qayıtdıqdan sonra Ryanın da Azərbaycana gəldiyini və birlikdə şirkət açdıqlarını bildirdi. Onlar işlərini genişləndirmək üçün fransız əsilli Gürcüstan vətəndaşı Lüdovik Girod ilə əməkdaşlığa başlayıblar. Martin Ryan ortaq şirkətin direktoru seçilib. Şahid burada onun cəmi 15-20 faiz payının olduğunu, həlledici qərarları isə Ryan və Girodun verdiyini söylədi. Şirkətin fəaliyyəti verilən sifarişlərin çatdırılmasından ibarət idi. İki il sonra faiz məsələsində yaranan problem ucbatından şirkəti satmaq qərarı verilib, lakin bazar dəyərindən aşağı qiymətə görə bu, baş tutmayıb. Bundan sonra Martinlə münasibətlər soyuyub və onlar iki il danışmayıblar. R.M. həmçinin 2023-cü ilin yayında Martinin ona Fransa səfirliyinin ağsaçlı əməkdaşının Afrikadakı bir şəxsə pul köçürməyi təklif etdiyini dediyini bildirdi. Martin həmin ağsaçlı şəxsin kəşfiyyatçı olduğunu zənn edib.
R.M.-nin ifadəsinə görə, Martin daha sonra onunla görüşərək, Fransa səfirliyinin bir əməkdaşının üzərində "fransız hərfləri" olan klaviatura gətirəcəyini bildirib. Ryan klaviaturanı almaq üçün "Malakan bağı"nda görüşəcəklərini deyərək, ondan oraya birgə getmələrini xahiş edib. Görüş zamanı təxminən 40-45 yaşlı, sarışın, saqqallı səfirlik əməkdaşı klaviaturanı Ryana təhvil verib. Bu görüşdə Ü.Ə və Z.M. də iştirak edirdilər. İttiham aktında göstərilir ki, "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryan Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, habelə Böyük Britaniya, Türkiyə, Pakistan və digər dövlətlərlə Azərbaycan arasında münasibət və hərbi əməkdaşlıq planları barədə məlumatlar topladığına dair əsaslı şübhələr müəyyən edilib. Martin Ryan 276-cı (casusluq), Azad Məmmədli isə 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Məhkəmə prosesi yanvarın 12-də davam edəcək.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Dövlətə xəyanətdə və Fransaya casusluqda ittiham o...
Azəri Xəbər

Casusluqda ittiham edilən şəxsin məhkəməsində şahi...
Azəri Xəbər

Husilər casusluqda təqsirli bilinən 17 nəfəri ölüm...
Azəri Xəbər

Məhkəmə Ilkinlə bağlı qərar verdi
Son Xeberler

Polisə zor tətbiq edən şəxs həbs olundu
Son Xeberler

BTQ bu təşkilatla Anlaşma Memorandumu imzaladı
Bugun.az



