AzMİU tələbələrinin layihəsi ABŞ-də mükafata layiq görülüb

27.10.2025 12:47 8 baxış sayı 3 dəq. oxuma Trend
AzMİU tələbələrinin layihəsi ABŞ-də mükafata layiq görülüb

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq əməkdaşlıq sahəsində daha bir mühüm nailiyyətə imza atdı. Fulbright proqramı çərçivəsində AzMİU-da çalışan Caroline Lavoie tərəfindən həyata keçirilən tədris və tədqiqat işləri universitetin qlobal layihələrində yeni bir mərhələnin əsasını qoydu. Bu layihə AzMİU-nun Xarici Əlaqələr Şöbəsi və Memarlıq Layihələndirilməsi və Şəhərsalma kafedrasının birgə təşkilatçılığı sayəsində gerçəkləşdirildi.


Fulbright mütəxəssisi Caroline Lavoie ilə yanaşı, universitetin müəllimləri Yeganə Kərimli, Şəhla Qəhrəmanova, Şeyda Novruzzadə və Səttar Kərimli layihənin icrasında yaxından iştirak etdilər. Onların köməyi ilə tələbələr beynəlxalq akademik mühitdə təcrübə toplamasına böyük töhfə aldılar. Caroline Lavoie AzMİU-dakı fəaliyyətini davam etdirərək, tələbələr üçün mühüm bir təşəbbüslə çıxış etdi. O, Amerikanın Utah Dövlət Universitetinin Landşaft Memarlığı və Ətraf Mühitin Planlaşdırılması kafedrası ilə AzMİU tələbələrinin birgə vorkşopunu keçirməyə nail oldu.


Bu birgə layihə ABŞ-da böyük tanınma qazandı. Layihə bu yaxınlarda Amerika Landşaft Memarları Cəmiyyəti (ASLA) və Amerika Planlaşdırma Assosiasiyası (APA) tərəfindən mükafatla təltif edildi. Beynəlxalq vorkşop həm canlı, həm də onlayn formatda təşkil edilmişdi. Tədbirdə Utah Dövlət Universitetinin Landşaft Memarlığı və Ətraf Mühitin Planlaşdırılması kafedrasının 4-cü kurs bakalavr tələbələri AzMİU-nun müəllim və tələbələri ilə birlikdə işlədilər.


Seminarın əsas mövzusu şəhər dizaynı və Bakının mərkəzi tarixi məhəllələrinin bərpası idi. İştirakçılar həmçinin yaşayış mühitinin regenerasiyası, tarixi toxumanın qorunması, memarlıq və mədəni irsin mühafizəsi məsələlərinə diqqət yetirdilər. Təqdimatlarda gələcək urbanistik inkişaf və müasir şəhər problemlərinin həlli yolları da davamlı inkişaf kontekstində müzakirə edildi. Layihənin ASLA və APA tərəfindən mükafatlandırılması AzMİU-nun beynəlxalq akademik nüfuzunun yüksəldiyini aydın göstərir. Bu uğur Azərbaycanda memarlıq təhsilinin dünya elmi mühitinə inteqrasiya olunduğunu əyani şəkildə nümayiş etdirir.


G
Beynəlxalq təhsil müxbiri

Xaricdə təhsil imkanları və beynəlxalq proqramlar haqqında yazıram. Özüm Almaniyada magistratura oxumuşam.

Bütün məqalələrə baxın
Paylaş: