
Azərbaycan və Braziliya iqlim maliyyəsinin 1.3 trilyon dollara yüksəldilməsinə dair “Yol Xəritəsi” hazırlayıb

Noyabrın 10-dan 22-dək Braziliyanın Belem şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 30-cu Sessiyası (COP30) keçirilib. Sessiyanın Liderlər Zirvəsi noyabrın 6-7-də təşkil olundu. Bu mühüm beynəlxalq tədbirdə Azərbaycan Respublikasını Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etdi. Milli Məclisin sədri Azərbaycan adından bəyanat səsləndirdi, o cümlədən bir sıra ölkə rəhbərləri ilə ikitərəfli görüşlər keçirdi.
COP30-un rəsmi açılış günündə COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verildi. COP29-un sədri, Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev açılış sessiyasında çıxış etdi. O, Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilən tarixi nəticələr barədə məlumat verdi. Babayev həmçinin ölkəmizin COP-a sədrlik dövründə gördüyü işləri izah etdi. Muxtar Babayev COP30 daxilində təşkil olunan başqa tədbirlərdə də iştirak etdi, çıxışlar etdi və digər nümayəndə heyəti başçıları ilə ikitərəfli görüşlər keçirdi. Bu, Azərbaycanın iqlim diplomatiyası sahəsində fəaliyyətini davam etdirməsini göstərir.
Xarici İşlər Nazirliyinin (XİN) heyəti Konfransın hər iki seqmentində iştirak etdi. XİN nümayəndə heyəti, Konfransın sonunda qəbul edilməsi planlaşdırılan qərarların hazırlanması istiqamətində aparılan danışıqlara cəlb edildi. İki əsas qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin razılaşdırılması məhz Azərbaycana tapşırıldı. COP30 sədri Andre do Laqo Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevə və Braziliya xarici işlər nazirinin müavini Mauricio Lyrioya xüsusi səlahiyyət verdi. Bu səlahiyyət, COP31-ə ev sahibliyinə namizəd ölkələr – Türkiyə və Avstraliya arasında danışıqları aparmaqdan ibarət idi. 12 gün çəkən intensiv danışıqlardan sonra COP31-in ev sahibliyinin Türkiyəyə verilməsi qərarı alındı.
Bundan əlavə, COP30 sədri tərəfindən Azərbaycan və Norveç nümayəndələrinə Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (GST) ilə bağlı sənədlərin razılaşdırılması prosesinə rəhbərlik etmək mandatı verildi. Danışıqlara Azərbaycan tərəfdən XİN nazir müavini Yalçın Rəfiyev, Norveç tərəfdən isə iqlim və ətraf mühit naziri Andreas Bjelland Eriksen başçılıq etdi. Azərbaycan və Norveç nümayəndələri bütün danışıq qrupları ilə müzakirələr apararaq, mümkün qərar layihələrinə dair tövsiyələrini COP31-in Braziliya Sədrliyinə təqdim etdilər. Bütün bu danışıqlar müvafiq sənədlər üzrə qərarların qəbuluna mühüm töhfə verdi. Həmçinin, COP29-da qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq, Azərbaycan və Braziliya tərəfləri qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30 çərçivəsində təqdim etdilər. XİN heyəti sülh, miqrasiya, su, səhiyyə, şəhərlər və iqlim şəffaflığı mövzularında bir sıra tədbirlərə də dəstək göstərdi.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətlənd...
Azəri Xəbər
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil ver...
Azəri Xəbər

Təbii fəlakətlər 10 ildə dünyaya 2 trilyon dollar...
Bugun.az

Azərbaycan üç ölkə ilə birgə COP31-ə namizədliklə...
Azəri Xəbər
BMT Rəsmisi Açıqladı: Bərpa Olunan Enerjiyə Qoyula...
Son Xeberler
KİV: "Qızıl Qübbə" raketdən müdafiə sisteminin yar...
Azəri Xəbər



