COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib

20.11.2025 06:27 10 baxış sayı 3 dəq. oxuma Report
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib

BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP30) mühüm nəticələrindən biri sayılan Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake - GST) ilə bağlı sənədin razılaşdırılması Azərbaycana həvalə olunub. Bu məsuliyyətli iş Braziliya tərəfinin rəsmi xahişinə əsasən, COP29 Sədrliyini təhvil vermiş Azərbaycana tapşırılıb. Ölkəmiz Braziliyaya sədrliyi verdikdən sonra da iqlim diplomatiyası sahəsində fəal qalmağa davam edir.


COP29 çərçivəsində və COP30-a hazırlıq dövründə Azərbaycan ölkələr arasında yüksək etimad qazanıb. Məhz bu etimad sayəsində COP prosesi çərçivəsində ona mühüm missiyalar həvalə olunur. Bu vəzifə Azərbaycana beynəlxalq iqlim danışıqlarında öndə gedən rolunu qorumağa imkan verir. COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq, Azərbaycan və Braziliya COP29 və COP30 sədrlikləri olaraq qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair "Bakıdan Belemə Yol Xəritəsi"ni hazırlayıb. Bu yol xəritəsi COP30 çərçivəsində təqdim edildi. COP-un iki Sədrliyinin birgə hazırladığı sənəd əksər dövlətlər tərəfindən müsbət qarşılanmış və yüksək qiymətləndirilib.


Bundan əlavə, Braziliya tərəfinin xahişi ilə COP30-da qəbul edilməsi gözlənilən daha iki önəmli qərarla bağlı danışıqların aparılması və bu sənədlərin razılaşdırılması Azərbaycana verilib. COP30 Sədri André do Lago Azərbaycandan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevə və Braziliya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Mauricio Lyrioya COP31-in ev sahibinin müəyyən edilməsi üzrə yüksək səviyyəli danışıqların aparılması səlahiyyətini verib. Məlum olduğu kimi, Avstraliya və Türkiyə COP31-ə ev sahibliyi uğrunda mübarizə aparır. Həmçinin, COP30-un ən vacib nəticələrindən biri hesab edilən Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı sənədinin razılaşdırılması işi Azərbaycana təyin edilib.


Bu danışıqlara effektiv rəhbərlik etmək üçün COP30 Sədri André do Lago Azərbaycan və Norveç nümayəndələrinə, öz adından prosesə rəhbərlik etmək və dövlətlər arasında danışıqlar aparmaq mandatını verib. Azərbaycan tərəfdən bu danışıqlara rəhbərliyi Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev edir. Norveç tərəfdən isə bu dövlətin İqlim və Ətraf Mühit Naziri Andreas Bjelland Eriksen prosesə başçılıq edir. Bu səlahiyyət Azərbaycanın beynəlxalq səviyyədə qazandığı diplomatik nüfuzun göstəricisidir.


L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: