COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib

23.11.2025 10:08 4 baxış sayı 4 dəq. oxuma Report
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 30-cu Sessiyası (COP30), habelə Sessiyanın Liderlər Zirvəsi Braziliyanın Belem şəhərində keçirilib. Zirvə 6-7 noyabr tarixlərində təşkil olunub. COP30-un rəsmi açılış günündə COP-a sədrliyi Azərbaycan Respublikasından Braziliyaya təhvil veriblər. Azərbaycanı bu mühüm tədbirdə Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Milli Məclisin sədri Liderlər Zirvəsində Azərbaycan adından bəyanat səsləndirdi, eyni zamanda bir sıra ölkələrin rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirib.


COP29-un sədri, Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev açılış sessiyasında çıxış etdi. O, ötən il Bakıda keçirilən COP29 çərçivəsində əldə edilmiş tarixi nəticələr barədə məlumat verdi. Muxtar Babayev Azərbaycanın COP-a sədrlik etdiyi dövrdə həyata keçirdiyi fəaliyyətlərdən danışıb. M. Babayev COP29-un sədri kimi COP30 çərçivəsində təşkil edilən bir çox tədbirdə iştirak edib, digər nümayəndə heyətləri rəhbərləri ilə fərdi görüşlər keçirib. Bu görüşlər Azərbaycanın iqlim diplomatiyasında davamlılığını göstərir.


Konfransın hər iki hissəsində Xarici İşlər Nazirliyinin (XİN) heyəti də iştirak edib. XİN nümayəndə heyəti Konfransın sonunda qəbul edilməsi planlanan qərarların hazırlanması istiqamətində aparılan danışıqlara cəlb olunub. İki mühüm qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin razılaşdırılması məsuliyyəti Azərbaycana həvalə edilib. XİN heyəti COP29 Sədrinin Fəaliyyət Gündəliyi ilə əlaqədar irəli sürülmüş mövzularda, o cümlədən sülh və miqrasiya, su, səhiyyə, şəhərlər və iqlim şəffaflığı barədə beş tədbir keçirdi. Azərbaycan nümayəndə heyəti yenilənən enerji, hidrogen və kənd təsərrüfatı təşəbbüsləri ilə bağlı keçirilən bir neçə tədbirə həmtəşkilatçı kimi dəstək göstərib.


Azərbaycan COP30 çərçivəsində beynəlxalq danışıqların idarə edilməsində aktiv yer tutub. COP30 sədri Andre do Laqo Azərbaycana və Braziliyaya COP31-in ev sahibliyinə namizəd ölkələr olan Türkiyə və Avstraliya arasında danışıqların aparılması səlahiyyətini vermişdi. Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu danışıqlara rəhbərlik edənlərdən biri idi. 12 gün davam edən intensiv danışıqlardan sonra COP31-in ev sahibliyinin Türkiyəyə verilməsi qərarı qəbul olundu. Bundan əlavə, COP sədri Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (GST) sənədlərinin razılaşdırılması prosesinə rəhbərlik etmək mandatını Azərbaycan və Norveç nümayəndələrinə verib. Azərbaycan tərəfindən Yalçın Rəfiyev, Norveç tərəfindən isə iqlim və ətraf mühit naziri Andreas Bjelland Eriksen danışıqlara rəhbərlik ediblər. Onlar müzakirələrin yekununda qərar layihələrinə dair tövsiyələrini Braziliya Sədrliyinə təqdim ediblər.


COP30 çərçivəsində COP29-da qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun addımlar atıldı. Azərbaycan və Braziliya qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına qaldırılmasına dair "Bakıdan Belemə Yol Xəritəsi"ni hazırlayaraq tədbirdə təqdim etdilər. Bu yol xəritəsi COP29 sədrlik dövründə başlamış iqlim maliyyəsi hədəflərinin davamlılığı baxımından böyük əhəmiyyət daşıyır və yeni sədrliyə yön göstərir.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: