🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Şamaxıda püskürən vulkanın səbəbi açıqlandı

26.01.2021 12:24 479 baxış sayı 5 dəq. oxuma
Şamaxıda püskürən vulkanın səbəbi açıqlandı

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin əməkdaşlarının gəldiyi ilkin nəticələrə əsasən, Azərbaycanın aktiv vulkanlarından hesab edilən Şamaxıdakı Quşçu palçıq vulkanının püskürməsinin baş verməsi ətraf zonalarda artan seysmik aktivliyin rolu ilə bağlı ola bilər. Belə ki, dekabr ayının sonlarından başlayaraq Şamaxı-Qobustan rayonunda müxtəlif amplitudalı seysmik hadisələrin baş verməsi və belə tendensiyanın hələ də davam etməsi vulkanların fəaliyyətinə müsbət təsir göstərir.

AMEA-dan  verilən məlumata görə, sözügedən vulkanın püskürməsi güclü uğultu ilə başlayıb, tullantı məhsulları 50-60 m yüksəkliyə qalxıb. Püskürmənin alovsuz müşahidə edildiyi də bildirilir.

GGİ mütəxəssisləri müəyyənləşdiriblər ki, sayca 16-cı dəfə paroksizmi qeydə alınan vulkanın son yüz il ərzində heç bir aktivliyi müşahidə olunmayan şimal eruptiv mərkəzində təzahür edib. Son dövrlər, o cümlədən 2018-2019-cu illərdə ardıcıl ənənəvi püskürməsi qeydə alınan cənub aktiv zona ilə 700 m məsafədə yerləşən yeni aktivləşən sahədə yer səthinə xaric edilən palçıq axınlarının əhatəsi 3 ha ərazini tutur. 0,9 m orta qalınlıqlı yeni brekçiyanın vulkan üzrə ümumi həcmi 27000 kubmetr hesablanıb. Şöbə əməkdaşlarının tədqiqatlarının nəticəsinə görə, əmələ gəlmiş iki əsas axın dilləri təxminən 100 m-dən bir qədər az ərazini tutur ki, onların istiqamətləri cənub-qərbə və şimal-qərbə yönəlib. Yer səthinə gətirilən brekçiyanın nisbətən qatı olması palçıq kütləsinin daha böyük ərazilər boyu paylanmasını məhdudlaşdırıb, relyef üzrə mailliyi az olan sahələrdə, o cümlədən vulkanın şərq hissəsində daha böyük qalınlıqla (bəzən 1,5 m-ə çatan) müşahidə olunmasına şərait yaradıb. Bununla bağlı qərb cinahlarda, axın dilləri ərazisində minimal qalınlıqlar (0,4-0,6 m) qeydə alınıb. Püskürmə nəticəsində aktivləşən eruptiv mərkəzdən cənuba doğru, daha aktiv hesab olunan, eləcə də son illər ərzində tez-tez püskürən və kəndə yaxın məsafədə yerləşən Quşçunun cənub eruptiv sahəsinə meyilli tektonik çatlar müşahidə edilib. Dərinliyi və eni çox da böyük olmayan belə çatların yüzlərlə metr davam etməsi izlənilib. Vulkanın şərq hissəsini əhatə edən krater bəndi sahəsində gölməçə formalaşıb və həmin sulu sahədə intensiv qaz qabarcıqları müşahidə olunub. Ümumilikdə şərq krater bəndi sahəsindən eruptiv mərkəzə doğru formalaşmış çatlı əmələgəlmələrdən qaz buxarlarının intensiv xaric olunması diqqəti cəlb edib.

Məlumat üçün qeyd edək ki, Quşçunun yeni püskürməsi baş verən eruptiv zonası rayonun bir neçə mülkiyyətçisinin təsərrüfat sahəsini əhatə edir. Həmin zonada əkin işləri həyata keçirən mülkiyyətçilər burada aktiv vulkan ocağının yerləşməsi haqqında məlumatlı olmayıblar.

Hazırda şöbə əməkdaşları son ayda müşahidə olunan aktivləşmə ilə yanaşı, püskürmə sahəsindən gətirilən yanar şistli süxurların və neftli qumdaşlarının tədqiqini davam etdirirlər.

Paylaş: