Son Xeberler
Son Xeberler

12.02.2021 19:20

6 abunə

499

“Netflix”in Azərbaycanda çəkilən filmində yerli aktyorlar rol alıb

“Netflix”in Azərbaycanda çəkilən filmində yerli aktyorlar rol alıb

Ötən gün “Netflix” platformasında yayımlanan İndoneziya istehsalı “Layla Majnun” filmində azərbaycanlı aktyorlar da yer alıb.

Məşhur yazıçımız Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında ərsəyə gələn ekran işində gənc aktyor Murad İsmayıl və aktrisa Aidə Cəbiyeva rol alıb.

Bundan əlavə, aktyor Salman Bağırov, aktrisa Zülfiyyə Eldarqızı, Sevda Çingiz də layihədə epizodik rol ifa ediblər.

“Starvision” şirkəti tərəfindən lentə alınan filmin çəkilişlərinə 2019-cu ilin avqustunda başlanılıb və Azərbaycanda olan kadrlar noyabr-dekabr aylarında çəkilib. Kinoda paytaxt Bakı və Şamaxının Dəmirçi kəndindən görüntülərə yer verilib.

Rəşad obrazını canlandıran gənc aktyor Murad İsmayıl “Qafqazinfo”ya açıqlamasında bildirib ki, çəkiliş meydançasında baş qəhrəman Aça Septriasa yaralandığı üçün bir çox səhnələr təxirə salınıb:

“Film Azərbaycan-İndoneziya layihəsidir. Çəkilişlərin demək olar ki, 70 faizi Azərbaycanda reallaşıb. Mənim səhnələrim Bakıda, İçərişəhərdə çəkilib. Fotolarım rejissora göstərilib, bəyənilmişəm. Eşidəndə ki, film Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında çəkiləcək, tərəddüd etmədən razılaşdım.

Filmin rejissoru Asiya ölkələrində çox məşhurdur. Açığı kinonun “Netflix”də yayımlanacağını bilmirdik. Premyera üçün İndoneziyaya getməli idik.

Amma pandemiyaya görə təqdimatı olmadı, “Netflix”də yayımlandı. Məcnunun, yəni Samirin bacısının köhnə nişanlısı Rəşad rolunu canlandırmışam.

Mənfi bir obrazdır. Çəkiliş prosesində Leylini canlandıran aktrisa ilə “nişanlım” qaçarkən pilləkəndə yıxıldı, hər ikisi xəsarət aldı. Bu səbəbdən müalicə aldılar, bir çox səhnələrimiz təxirə salındı”.

Layihədə Səbinə obrazını canlandıran Aidə Cəbiyeva də açıqlamasında filmin premyerasının İndoneziyada baş tutacağını, lakin pandemiya səbəbindən təxirə salındığını bildirib:

“Azərbaycan tərəfinin təşkilatçılığını İndoneziya səfirliyi edib. Mənə təklif “Instagram” vasitəsilə gəlib.

Çəkilişə köməklik Azərbaycan Dillər Universitetində təhsil almış, İndoneziyaşünaslıq fakültəsini bitirmiş və İndoneziyada təhsil alan azərbaycanlı tələbəyə tapşırılmışdı.

Kast seçimi də onlara həvalə olunmuşdu. Onlar mənim və bir neçə aktyor-aktrisanın şəkillərini rejissora göndərmişdilər.

Daha sonra bir obrazımı canlandırıb görüntüləri telefonla göndərdim, rejissor isə təsdiq etdi. Ssenarinin mənə aid olan hissəsi Azərbaycan dilində tərcümə olunmuş formada mənə göndərildi.

Əslində filmin qalası Cakarta və Bakıda baş tutacaqdı. Biz ora getməyi planlaşdırırdıq. Lakin pandemiya uzandı və biz eşitdik ki, film “Netflix”də yayımlanacaq. Özümüzə də sürpriz oldu”.