🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İtaliyanın Ermənistandakı sabiq səfirinin yalanları üzə çıxdı

30.07.2020 16:04 622 baxış sayı 9 dəq. oxuma
İtaliyanın Ermənistandakı sabiq səfirinin yalanları üzə çıxdı

İtaliyanın tanınmış “La Verita” qəzetində bu ölkənin Ermənistandakı sabiq səfiri, İtaliya-Ermənistan Ticarət və Sənaye Assosiasiyasının fəxri sədri Bruno Skapininin absurd məlumatları özündə əks etdirən məqaləsinə cavab olaraq İtaliyanın Azərbaycanda sabiq səfiri, Genuya şəhərində Azərbaycanın fəxri konsulu Marqarita Kostanın qəzetin redaksiyasına göndərdiyi məktubu dərc olunub.

Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

M. Kosta məktubunda ilk öncə qarşı tərəfin  “Dağlıq Qarabağ, azadlıq uğrunda müharibə” başlıqlı yazısını oxuyarkən artıq məqalənin başlığından göründüyü kimi reallıqdan uzaq təhrif edilmiş məlumatları əks etdirdiyini, Ermənistan-Azərbaycan dövlət sərhədində son günlər baş verən hadisələri düzgün şəkildə çatdırmadığını deyib.

Məqaləsində təxminən 30 ildir ki, Ermənistanın Azərbaycana qarşı davam edən və Azərbaycanın tarixi bölgəsi olan Dağlıq Qarabağ və ətraf  7 rayon da daxil olmaqla Azərbaycan ərazisinin 20% -nin işğalı ilə nəticələnən hərbi təcavüzün əslində azadlıq axtarışı ilə deyil, məhz Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə əlaqədar olduğunu bildirib. B.Skapininin fikirlərinin əksinə olaraq M.Kosta sovetlər dövründə Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusuna malik olduğunu,  SSRİ daxilində müttəfiq respublikaların sərhədlərinin dəyişdirilmə qaydalarının SSRİ və müttəfiq respublikaların konstitusiyalarında təsbit olunduğunu, müttəfiq respublikanın ərazisinin onların razılığı olmadan dəyişdirilməsinin mümkün olmadığını, müttəfiq respublikalar arasında sərhədlərin müvafiq respublikaların qarşılıqlı razılığı və SSRİ-nin mərkəzi orqanlarının müvafiq təsdiqi nəticəsində mümkün ola bildiyini qeyd edərək Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) münasibətdə bunun baş vermədiyini vurğulayıb.

M.Kosta bildirib ki, Sovet İttifaqının dağılmasından sonra uti possidetis juris beynəlxalq hüquq doktrinası yeni müstəqil dövlətlərin sərhədlərinin milli, regional və beynəlxalq legitimliyinin əsasını təşkil edir, bu doktrinaya əsasən, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri beynəlxalq sərhədlər olaraq tanınıb. M.Kosta öz müqəddəratını təyin etmə prinsipinə gəldikdə isə bunun hər hansı bir dövlətin tərkibindən ayrılmağa haqq qazandıran hüquq kimi təfsir edilə bilinməyəcəyini, bu prinsipi əsas gətirərək Azərbaycan kimi müstəqil dövlətin tərkibindən ayrılmağın beynəlxalq hüququn hamılıqla qəbul edilmiş dövlətlərin ərazi bütövlüyü və digər müvafiq prinsiplərinin pozulması demək olduğunu diqqətə çatdırıb.

O xatırladıb ki, münaqişədən əvvəl Dağlıq Qarabağda erməni və Azərbaycan icmalarından ibarət əhali yaşayırdı, lakin Ermənistan ordusu həmin ərazidən azərbaycanlıları tam şəkildə qovub. “Əgər biz hüquqdan danışmaq istəyiriksə o zaman Ermənistan tərəfindən etnik təmizlənməyə məruz qalmış 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə öz doğmalarının məzarlarını ziyarət etmək hüququndan məhrum olduğunu da qeyd etməliyik”, deyə M.Kosta bildirib.

Bu günlərdə baş verən hadisələrə gəldikdə isə M.Kosta sabiq səfir B.Scapininin dediklərinin əksinə olaraq, 12 iyul tarixindən başlayaraq məhz Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusunun mövqeləri, eləcə də əhalinin sıx məskunlaşdığı ərazilər hədəfə alınmaqla Azərbaycana qarşı hücumlar edildiyini, bu əməliyyatlar nəticəsində 12 azərbaycanlı hərbiçinin və 76 yaşlı mülki şəxsin  qətlə yetirildiyini bildirib. Ermənistan tərəfinin son hücumlarının səbəblərinə toxunan M.Kosta bunun ilk növbədə Ermənistanın yeni torpaqlar işğal etmək, eləcə də diqqəti baş nazir Nikol Paşinyanın ölkənin demokratikləşməsinə aparmalı olan  "məxməri inqilab"ının uğursuzluğu nəticəsində yaranan mürəkkəb daxili problemlərdən, inqilabi diktatura ilə nəticələnən vəziyyətdən, COVID-19 pandemiyasının yayılması ilə daha da pisləşən sosial-iqtisadi problemlərlə dolu gərgin bir vəziyyətdən yayındırmaq arzusu ilə əlaqədar olduğunu bildirib.

Məktubunda M.Kosta qeyd edib ki, bu dəfə Ermənistanın son təxribatları işğal olunmuş ərazilərdə yox, ondan şimal istiqamətdə, Azərbaycanın Tovuz rayonunda, Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verib. Ermənistanın məqsədinin müqaşişəyə üçüncü tərəfləri, xüsusilə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək olduğunu, lakin bunun da baş vermədiyini bildirib. M.Kosta Ermənistanın hərbi təxribatlar törətdiyi ərazinin strateji əhəmiyyətə malik bir sahə olduğunu xatırladaraq bildirib ki, sözügedən ərazidən Azərbaycanın və Xəzər dənizinin enerji ehtiyatlarının qərb ölkələrinə, xüsusilə İtaliyaya (Azərbaycan İtaliyanın əsas neft tədarükçülərindəndir və gələn ildən etibarən isə əsas qaz tədarükçülərindən biri olacaqdır) və dünya bazarlarına daşınması və Şərqlə Qərbi birləşdirən dəmir yolu və avtomagistral yolundan ibarət bütöv bir infrastruktur keçir. Onun fikrincə Ermənistanın məqsədi bölgədə stabilliyi pozmaq və Avropa üçün yeni bazarlara və alternativ enerji mənbələrinə çıxış yaradan bu fundamental layihələrin fəaliyyətinin qarşısını  almaqdır və “Təsadüfi deyil ki, Ermənistan Azərbaycanın Avropaya qaz nəqlinə başlamazdan üç ay əvvəl Azərbaycana qarşı hərbi əməliyyata başlayıb”, deyə M.Kosta bildirib.

B.Skapininin Azərbaycan tərəfindən Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının hədəf alınmasına dair hədələrə münasibətdə isə M.Kosta bunun həqiqətə uyğun olmadığını, əslində Ermənistanın Azərbaycanın strateji strukturlarını hədəf aldığını vurğulayıb. “Ermənistan ciddi təhlükə mənbəyi olan köhnəlmiş texnologiyaya əsaslanan Metsamor AES barədə narahat olmalıdır”, deyə o qeyd edib. M. Kosta Ermənistan hakimiyyətinin dəfələrlə Azərbaycan şəhərlərini Ağdam kimi xarabalığa çevirəcəyi ilə hədələdiyini, Ermənistan ordusu tərəfindən talan edilmiş və dağıdılmış Qarabağın əsas iqtisadi-mədəni mərkəzi olmuş, xarabalığa çevrilmiş "Qafqazın Hiroşima”sı adlandırılan Ağdam şəhərinin işğalından 27 il ötdüyünü bildirib.

Məktubunun sonunda M.Kosta sabiq səfir B.Skapinini ötən cavab məktublarının birində Azərbaycan xalqının multikultural dəyərləri barədə məlumat əldə etmək üçün Azərbaycana səfərə dəvət etməsinə baxmayaraq, B.Skapininin öz mövqeyinə davam etməyi üstün tutmasına təəssüfləndiyini bildirərək “İnsan səhv edə bilər, israr etmək isə şeytana məsus xüsusiyyətdir”, deyə fikrini tamamlayıb.

Paylaş: