🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Hikmət Hacıyevin müəllimi: “Brifinqə baxanda ağlayıram...” - FOTOLAR

15.10.2020 12:48 918 baxış sayı 7 dəq. oxuma
Hikmət Hacıyevin müəllimi:

Artıq qısa müddət ərzində Azərbaycan xalqının sevgisini qazanan Hacıyevə insanlar tərəfindən “mülki general” adı da verilib.

Döyüşlər başlayandan bugünədək xalq H.Hacıyevi Ali Baş Komandan İlham Əliyevin ən sədaqətli əsgəri də adlandırır. O bu sevgini öz əxlaqı, vicdanı və işi ilə qazana bildi. Azərbaycanın haqq səsini dünyaya var gücü ilə çatdıran ictimai-siyasi simalarından biri Hikmət Hacıyev Gəncədəki 24 saylı orta məktəbi bitirib.

Məhz bu səbəbdən “mediapost”un əməkdaşı H.Hacıyevin təhsil aldığı məktəblə əlaqə saxlayıb.

Əvvəlcə 1.5 ildir sözügedən məktəbdə direktor vəzifəsində çalışan Günel İsmixanova H.Hacıyevi doğum günü münasibətilə təbrik etdi: “Fəxrimiz, Hikmət müəllim! Sizin oxuduğunuz müddətdə çalışmasam da, sizə elmlərin sirlərini öyrədən müəllimlərinizdən xoş sözlər, şirin xatirələr eşitmək bir rəhbər olaraq mənə qürur verir. Ad gününüz mübarək!” Daha sonra Günel İsmixanovanın köməkliyi ilə hazırda təqaüddə olan H.Hacıyevin Azərbaycan dili və ədəbiyyat müəllimi, şəxsi repetitoru olmuş Afaq Seyidova ilə əlaqə saxladıq.

A.Seyidova H.Hacıyevin doğum gününü təbrik edərək onun haqqında bu sözləri dilə gətirdi: “Ədəbiyyatçı olduğum üçün bir balaca bədii cümlələrlə fikrimi başlamaq istəyirəm. Hikmət bu cür zirvələrə layiq bir övladdır.

Həyatda elələri var ki, o insanların arzu və istəkləri çox sadə və cılızdır. Belə insanların öz arzusuna çatmasına nə var ki?

Amma həyatda elə insanlar da var ki onlar əlçatmaz zirvələri fəth etsələr belə, vətən, xalq qarşısında özlərini borclu bilirlər. Bu günləri fəxarət hissi ilə danışmaq istədiyim Hikmət Hacıyev də məhz belə insanlardandır. Məktəb şagirdlərin həyatı üçün tərbiyə ocağıdır. Bu ocağı isə işıqlandıran şagirdlərdir. Hikmət Hacıyev də məktəbimizi işıqlandıran şagirdlər sırasında olub. O, 1996-cı ildə məktəbi qızıl medalla bitirib. Hikmətin məktəbdə ana dili-ədəbiyyat müəllimi olmuşam.

O gözəl nitqə, mədəniyyətə, səviyyəli xarakterə malik olan bir uşaq idi. 5-ci sinifdən ona dərs deməyə başlamışam. Ağlına hər zaman heyran qalmışam. Zəngin hafizəyə malik olan Hikmət dərsini elə sinifdəcə mənimsəyib danışırdı. Ədəbiyyatçı kimi onun düzgün intonasiya ilə dediyi sözlər məni heyran edirdi.

İctimai işlərdə də fəal iştirak edib, ingilis, rus, azərbaycan dilli çıxışları ilə məktəbimizin başını hər zaman uca tuturdu.

Mükəmməl natiqliklə danışan Prezidentimizin köməkçisi Hikmət Hacıyev brifinqlərdə Ermənistana öz səviyyə fərqini göstərdikcə mənim qəlbimdə ona qarşı sevgim həddindən artıq artır. O, hadisələrin məzmununu dəqiq və aydın şəkildə dinləyiciyə çatdırmaqla onun ağlına, düşüncəsinə təsir etmiş olur.

Brifinqlərə baxanda sözün həqiqi mənasında sevincdən ağlayıram.

Mən həm də Hikmətin repetitoru olmuşam. Bu müddət ərzində yaşıdlarından tamamilə seçilirdi. Bu insanda gözəl natiqlik qabiliyyəti var idi... Hazırlıq vaxtı imkan vermirdi ki, dərsdə kimsə onu qabaqlasın. Mən ona bütün varlığımla inanmışam. Anası müəllim, bir bacısı hüquqşünas, digər bacısı həkimdir. Həmişə bu ailə ilə fəxr etmişik. Bir müəllim üçün şagirdini ən yüksək yerdə görmək böyük xoşbəxtlikdir. Biz bir xalq olaraq hər zaman Cənab Prezident İlham Əliyevə güvənmişik. Bir müəllim kimi, bizim etimadımızı doğrultduğun kimi, inanıram ki, bundan sonra da daim Cənab Prezidentimizin də etimadını doğruldacaqsan, mənim balam. Bəli, Qələbə Bizimdir, Qarabağ Azərbaycandır!

Doğum günüm 8 Mart Qadınlar bayramına təsadüf edir. Hikmət mənə həmişə zəng edərək təbrikini çatdırır. Özümü ən xoşbəxt müəllim hiss edirəm.

Vətənimizin, Gəncəmizin qeyrətli balası, sevimli şagirdim, ad günün mübarək!”.

Paylaş: