🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Charlie Hebdo” bağlanmadı, “TF1” niyə bağlansın?

30.10.2020 05:27 394 baxış sayı 9 dəq. oxuma
“Charlie Hebdo” bağlanmadı, “TF1” niyə bağlansın?

İslamın yaradıcısı Məhəmməd peyğəmbərin karikaturasını çəkərək təhqir edən Fransanın “Charlie Hebdo” nəşri bu dəfə peyğəmbərin dəyərlərini müdafiə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ironik çizimlərini paylaşıb. Jurnal bu əməli ilə, Fransa isə ümumən rəsmilərinin islamafob çıxışları ilə müsəlmanların ləyaqətinə toxunub və tənqid hədəfi olub.

Bir neçə gün öncə nəşr tvitter hesabında Ərdoğanın karikaturalarını paylaşıb və daha radikal çizimlər də çəkəcəyini elan edib. Bundan sonra Türkiyə Prezidenti nəşri məhkəməyə verib.

Dəfələrlə İslamı və Məhəmməd peyğəmbəri, insanların inanclarını təhqir edən jurnal hələ də fəaliyyətini davam etdirir. İnsanların ali hüquqlarını, dini etiqad və inanc haqlarını müdafiə etməli olan təşkilatlar tərəfindən isə heç bir adekvat tədbir görülməyib. Uzun illərdir Avropada bəzi dairələrdə, hətta bəzən dövlət başçıları səviyyəsində formalaşan islamafobiya bu nəşri də təzyiqlərdən qoruyub. Fransanın Daxili İşlər nazirinin sonuncu islamafob çıxışına İslam Əməkdaşlığı Təşkilatı kəskin reaksiya vermişdi.

“Charlie Hebdo” sanki İslamı təhqir edərək fəaliyyət göstərməyi özünə amal seçib və mütəmadi olaraq bu mövzuya baş vurur. Qəzet bundan başqa insanların faciələri üzərindən də şou yaratmaq və ironik karikaturalar çəkməklə məşğuldur. 2016-cı ildə İtaliyada zəlzələ zamanı vəfat edən insanları makarona bənzədərək çizim yaymışdı, qanlar içində olan bir yaralını isə “pomidor souslu makaron” başlığı ilə karikatura etmişdi.

Lakin bu nəşr heç bir zaman bağlanmayıb, anti-islamçı qüvvələrin dəstəyi ilə fəaliyyətini davam etdirib. 

Lakin biz son günlərdə bunun əksi olan bir məsələ ilə qarşılaşmışıq. 30 ildir torpaqları işğal altında saxlayan Ermənistan ordusuna qarşı Azərbaycan silahlı qüvvələrinin keçirdiyi əks-hücum əməliyyatlarından sonra dünya mediasının bu bölgəyə marağı artıb. Bəzi qlobal güclərin əlində olan media qurumları beynəlxalq hüququ, BMT qətnamələrini, Avropa Şurasının qərarlarını tapdayaraq bu mövzuda daim qərəzli mövzu tutublar. Həmin media qurumlarından fərqli olaraq Fransanın “TF1” televiziya kanalının jurnalisti Liseron Budul cəbhə xəttində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Azərbaycan ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar. Reportajda əllərində Azərbaycan və Türkiyə bayrağı olan insanların, gənclərin, uşaqların “Qarabağ, Qarabağ” deyərək, bayram əhval-ruhiyyəsində olduğu əks olunub.

Jurnalist yeraltı təbii ehtiyatlarla zəngin olan ölkəmizin güclü ordusu olduğunu vurğulayıb. Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Qadın və uşaqların yeraltı xəndəklərdə sığınacaq tapdığı diqqətə çatdırılıb. Mülki əhalinin evlərinin, mal-qarasının məhv edildiyi göstərilib. Ölənlər və yaralananlardan danışılıb. Ermənilərin dinc əhalini fasiləsiz atəşə tutduğu bildirilib.

Jurnalist Ermənistandan birbaşa Gəncənin mərkəzində yaşayış massivinin iki raketlə bombalanmasından danışaraq, dağılmış evləri göstərib. Erməni bombardmanı nəticəsində uşaq və qadın olmaqla 15 nəfərin həlak olduğunu və 50-dən çox dinc sakinin yaralandığını vurğulayıb.

“TF1” telekanalının öz işini görərək media fəaliyyətini həyata keçirməsi Ermənistan rəhbərliyini və onun havadarlarını, eyni zamanda, erməni lobbisini ciddi narahat etmişdi. Bundan sonra həmin telekanala qarşı Fransa erməniləri təzyiq və təhdid kampaniyası başlatdı. Hətta sosial şəbəkələrdəki bir çox ermənilər müzakirələrdə jurnalist Liseron Budulun qətlə yetirilməsini təkidlə irəli sürürdü. Belə bir eyham hər hansı bir müsəlman və ya özünü müsəlman kimi təqdim edən şəxs tərəfindən elan edilsəydi, dərhal Avropanın dövlət rəhbərlərindən tutmuş QHT-lərinə kimi əksəriyyət bunu “İslam terrorizmi” adı ilə aləmə car çəkərdi. Bu kampaniyada Azərbaycan həmin jurnalistə öz dəstəyini bildirdi və Prezidentin köməkçisi Hikmət Hacıyev “Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın “TF1” telekanalının jurnalistlərinin erməni lobbisi tərəfindən təzyiqlərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik” deyə bəyanat verdi.

Erməni lobbisi öz əlaqələrini işə salaraq mənfur planlarını reallaşdırmağa çalışaraq telekanalın bağlanması üçün müvafiq strukturlara təzyiqlərə başlayıblar. Nədənsə düşünürlər ki, bütün İslam dünyasını, bəşəriyyətin ali hisslərini və ali hüquqlarını pozan “Charlie Hebdo” bağlanmadığı halda, mülki əhalinin kasetli bombalarla atəşə tutulmasını göstərən “TF1” bağlanmalıdır, yaxud bağlanacaq. “Charlie Hebdo”nun təxribatlarını fikir azadlığının arxasında gizlədərək bəraət qazandırmağa çalışan “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House” kimi təşkilatların bu dəfə həqiqəti göstərən, cəbhə xəttindən obyektiv reportaj hazırlayan jurnalistin ermənilər tərəfindən təhqir olunması və hədələnməsinə münasibətdə susqunluq nümayiş etdirməsi sual doğurur, eyni zamanda bu təşkilatların və oxşar mövqe tutan dövlətlərin marağını, məqsədini üzə çıxarmış sayılır.

“Charlie Hebdo”nun da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın karikaturalarını “TF1”dəki süjetin efirə getməsindən bir neçə gün sonra yayımlaması diqqət çəkir. Azərbaycanın işğal altında olan torpaqlarını işğaldan azad etməsi və buna Türkiyə dövlətinin, başda Ərdoğan olmaqla Türkiyə xalqınının dəstək olması dünyada bir çox gücləri qıcıqlandırıb və heç də bunu gizlətməyiblər. 

Paylaş: