22.09.2020 11:20
6
abunə
385
Baş verəcəklər ilə bağlı məsuliyyət Ermənistanın üzərindədir - Ekspertdən açıqlama

“Tovuz və Şəmkir rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparatın (PUA) uçuşlar həyata keçirməyə cəhd göstərməsindən aydın olur ki, Ermənistan təcavüzkar niyyətlərindən əl çəkmir və əl çəkmək fikrində deyil.”

Bu fikirləri Metbuat.az-a özəl müsahibəsində AMEA Qafqazünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Politoloq qeyd etdi ki, baş vermiş bu hadisə bir neçə məsələni aydınlaşdırır.

“Sentyabrın 20-i axşam saatlarında Ermənistan silahlı qüvvəllərinə məxsus pilotsuz uçuş aparatının (PUA) Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin baş verdiyi zonadan yenə də xeyli aralıda Tovuz və Şəmkir rayonları istiqamətində uçuşlar həyata keçirməyə cəhd göstərməsi və Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən ölkəyə məxsus bu aparatın uçuş trayektoriyasının dəqiq müəyyənləşdirərək vurulması bir neçə məsələni aydınlaşdırır.

Bu kimi uçuş aparatlarının yüksək dəqiqliklə vurulması onu göstərir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmri ilə istənilən tapşırığı yerinə yetirmək gücündədir, qüdrətindədir və yüksək peşəkarlığa sahibdir. Düşmənin istənilən təxribatının qarşısı alınacaq və layiqli cavab zərbəsi veriləcəkdir.”

Elnur Kəlbizadə bildirdi ki, son günlər baş verənlər onu deməyə əsas verir ki, regionda Ermənistan təkcə öz oyununu oynamır.

“Ermənistanın həm iyul ayında törətdiyi təxribatların coğrafiyası, həm də sentyabrın 20-də PUA-ların uçuşa cəhd etdiyi ərazilər beynəlxaq enerji və nəqliyyat dəhlizlərinin keçdiyi ərazilərdir. Bu onu göstərir ki, Ermənistan təkcə öz təxribatçı məqsədlərini reallaşdırmaq məqsədi güdmür. Burada üçüncü qüvvələr, maraqlı tərəflər də vardır.

Ermənistanın “küçə çevrilişi” nəticəsində hakimiyyətə gəlmiş baş naziri Nikol Paşinyan həm də ağır daxili sosial-iqtisadi vəziyyətdən diqqətləri yayındırmaq, hakimiyyətə gələrkən verdiyi vədləri unutdurmaq üçün belə təxribatçı addımlara əl atır.

Bütün bunlar sübut edir ki, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Ermənistan ilə hazırkı vəziyyətdə danışıqların aparılması boş vaxt itkisindən başqa bir şey deyildir.

Nikol Paşinyanın hansısa tədbirlərdə sülh barədə və yaxud daha hansısa danışıqlar barədə etdiyi çağırışlar formal xarakter daşıyır. Belə vəziyyətdə isə qarşıdakı dövrdə baş verəcək istənilən hərbi toqquşmalar ilə bağlı məsuliyyət birbaşa olaraq Ermənistan dövlətinin, onun avantürist hərbi-siyasi rəhbərliyinin üzərindədir”.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine