Metbuat.az xəbər verir ki, mütəxəssislər qeyd edirlər ki, şüyüd həzmi yaxşılaşdırır, mədə ağrısı, qaz və köp problemlərini aradan qaldırmağa kömək edir. Xüsusilə körpələrdə qaz sancılarını azaltmaq üçün şüyüd çayının istifadəsi geniş yayılıb.
Bundan başqa, şüyüd güclü sidikqovucu təsirə malikdir. Orqanizmdə yığılan artıq su və toksinlərin təmizlənməsində böyük rol oynayır. Həkimlər onu böyrəklərin sağlam işləməsi üçün də tövsiyə edirlər.
Tənəffüs yolları infeksiyalarında da effektiv olan şüyüd, öskürək və boğaz ağrısını yüngülləşdirir. Yuxusuzluqdan əziyyət çəkənlər üçün isə təbii bir sakitləşdirici hesab olunur.
Qadın sağlamlığında da rolu böyükdür. Şüyüd aybaşı sancılarını azaldır və ana südünün artmasına kömək edir. Eyni zamanda, şüyüd toxumlarının ağız qoxusuna qarşı istifadə olunması da geniş yayılıb.
Fitoterapevtlər bu bitkinin gündəlik rasionda təzə halda salatlara əlavə olunmasını və ya çay şəklində qəbulunu tövsiyə edirlər. Onların fikrincə, şüyüd həm bədəni gücləndirir, həm də immun sistemini möhkəmləndirir.
Mütəxəssislər qeyd edir ki, təbiətin bizə bəxş etdiyi bu sadə bitki, düzgün istifadə olunduqda bir çox xəstəliklərin qarşısını almaqda yardımçı ola bilər.