
İqlim Həftəsinin ikinci günü əməkdaşlıq, təmiz enerji və gənclərin roluna həsr olunub

Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü əsas diqqət beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təmiz enerjiyə keçidin sürətləndirilməsinə, eləcə də ədalətli və hər kəsi əhatə edən yanaşmanın təmin olunmasına yönəldilib.
Metbuat.az xəbər verir ki, nazirlər, qlobal ekspertlər, şirkət rəhbərli və gənclər COP29 vədlərinin enerji, maliyyə və innovasiya sahələrində necə reallaşdırıldığını müzakirə etmək üçün bir araya gəldilər.
İqlim Fəaliyyəti Həftəsinin ikinci gününün açılışında COP29-un Prezidenti Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov və COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai çıxış edərək Azərbaycanın günəş, dənizdə külək, hidrogen və geotermal enerji üzrə strateji yol xəritəsi ətrafında dialoqa start verdilər. Panel iclaslarında beynəlxalq tərəfdaşlıqların investisiyaları sürətləndirmək və innovasiyaları genişləndirmək imkanları müzakirə olundu.
“SOCAR Green”, Paşa Bank və “Azərsun Holdinq” şirkətlərinin rəhbərləri dayanıqlılıq üzrə öhdəliklərin əməliyyatlar, idarəçilik və maliyyələşdirmə proseslərini necə transformasiya etdiyini ümumi şəkildə diqqətə çatdırdılar. Həmçinin “BP”, “OGCI” və “GHGSat” şirkətlərinin mütəxəssisləri metan qazının aşkarlanması və idarə olunması üzrə yeni yanaşma üsullarını təqdim etdilər. Ədalətli keçidə həsr olunmuş ayrıca sessiyada isə enerji keçidi prosesində işçilər və icmaların qorunması üzrə təcrübə mübadiləsi aparıldı.
Digər bir önəmli məqam isə Azərbaycan və dünyanın müxtəlif ölkələrindən gəncləri bir araya gətirən və gün ərzində davam edən Gənclərin İqlim Forumu oldu. Rəqəmsal transformasiya, təmiz enerji, şəhərsalma və iqlim diplomatiyası mövzularında keçirilən panellər gənclərin COP29 irsini davam etdirməklə yanaşı, iqlim fəaliyyəti üzrə innovativ yanaşmaları necə formalaşdırdıqlarını da nümayiş etdirdi.
Həmçinin, “Boulevard Marriott” oteli dayanıqlı moda üzrə dairəvi masaya, eləcə də azərbaycanlı və beynəlxalq dizaynerlər tərəfindən təkrar dövriyyə prinsiplərinə əsaslanan innovasiyaların və dayanıqlılıq tələblərinə cavab verən materialların təqdim olunduğu, o cümlədən “Giltex” və “Azəripək” şirkətlərinin dəstəyi ilə təşkil olunan moda nümayişinə ev sahibliyi etdi. Sessiyada moda sektorunun COP30 kontekstində iqlim fəaliyyətinə verdiyi töhfələr də müzakirə olundu.
COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai qeyd edib ki, Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü cəmiyyətin bütün təbəqələrinin eyni istiqamətdə fəaliyyətinin faydalarını nümayiş etdirdi:
"Beynəlxalq əməkdaşlıq şirkət, maliyyə, gənclər və vətəndaş cəmiyyətinin enerjisi ilə birləşəndə təmiz enerji keçidini irəli aparan əsas qüvvəyə çevrilir. COP29 irsi məhz bu geniş səfərbərlikdən asılıdır. Bakıda biz kollektiv liderliyin daha inklüziv və effektiv cavab formalaşdırdığını görürük"
"COP29-un gənclər üzrə iqlim çempionu Leyla Həsənova isə vurğulayıb ki, gənclərin liderliyi Bakı İqlim Fəaliyyəti Həftəsinin əsas diqqət mərkəzindədir. Təmiz enerji həllərinin təşviqindən tutmuş beynəlxalq əməkdaşlığın formalaşdırılmasına qədər bütün sahələrdə gənclər göstərirlər ki, biz gələcəyi gözləmirik, onu özümüz yaradırıq. Biz hökumətlər, şirkətlər və vətəndaş cəmiyyəti ilə çiyin-çiyinə çalışmaqla sübut edirik ki, bu keçid yalnız inklüzivlik və hər bir nəslin iştirakı sayəsində uğurlu ola bilər".
Ümumilikdə, tədbirin ikinci günü göstərdi ki, qlobal əməkdaşlıq, korporativ innovasiya və gənclərin liderliyi COP29-da əldə olunan uğurları real nəticələrə çevirir. Azərbaycan bu müzakirələrə ev sahibliyi etməklə göstərmək istəyir ki, qlobal öhdəliklər milli transformasiyaya təkan verə və həm ölkə, həm də tərəfdaşlar üçün təcrübə mübadiləsi, öyrənmə və birgə inkişaf platformasını təmin edə bilər.
Oxşar xəbərlər

Azərbaycan BMT ilə İqlim Dəyişikliyi üzrə Əməkdaşl...
Bugun.az

Avropa İttifaqının Səfiri Peter Mixalko COP29 Konf...
Bugun.az

"Azərbaycan qlobal neft bazarının tənzimlənməsində...
Bugun.az

Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iql...
Bugun.az

TRT-nin Van’da Günəş Elektrik Stansiyası
Texnologiya xəbərləri

XII Qlobal Bakı Forumunun üçüncü günü başladı
Bugun.az