Zəfərdən sonra beş il: Strateji güc, diplomatik üstünlük və dayanıqlı inkişaf

24.11.2025 05:16 4 baxış sayı 4 dəq. oxuma Trend
Zəfərdən sonra beş il: Strateji güc, diplomatik üstünlük və dayanıqlı inkişaf

Postmünaqişə dövrünün artıq beş ili geridə qaldı. Bu beş il Azərbaycan xalqının iradəsinin, sarsılmaz həmrəyliyinin və tarix qarşısında qazandığı ədalətli qələbənin davamı kimi yadda qalır. Azərbaycan bu müddət ərzində Karabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması və bölgənin dayanıqlı inkişafının təmin olunması istiqamətində genişmiqyaslı işlər həyata keçirib. Bu beşillik yalnız dağıntıların aradan qaldırılması demək deyil; o, həm də regionun gələcək onilliklər üçün sosial, iqtisadi və ekoloji baxımdan modern bir məkana çevrilməsi baxımından həlledici əhəmiyyət daşıyır. Bu sürətli fəaliyyət həm ölkə daxilində, həm də beynəlxalq arenada böyük diqqət çəkib.


Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimovun sözlərinə görə, postmünaqişə dövrü Azərbaycanın öz strateji müdafiə qabiliyyətlərini hansı formada gücləndirdiyini bir daha göstərir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ayrılan investisiyalar, o cümlədən həmin regionlarda hərbi təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bunu təsdiqləyir. Azərbaycan həmin regionu yalnız işğaldan azad edilmiş zona kimi diqqətdə saxlamır, eyni zamanda orada dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına çalışır. Bunun üçün ən vacib faktorlardan biri həmin regionlarda insan resurslarının olmasıdır. Siyasi təhlilçi bildirib ki, Azərbaycan "Böyük Qayıdış" proqramı çərçivəsində bir sıra layihələr həyata keçirir və məcburi köçkünlərin geri qayıdışını təmin edən fəal siyasət yürüdür.


Gələcək hadisələr həmin regionda insan resurslu dayanıqlılığın təmin olunması üçün əlavə aktiv səylər tələb edəcək. Azərbaycan bunun da parametrlərini işləyib hazırlayacaq. Digər tərəfdən, zəfərin qəbul edilməsi yönündə çox ciddi addımlar atıldı. Azərbaycanda fəaliyyət göstərən bir çox diplomatik nümayəndəliklərin rəsmiləri işğaldan azad olunan regionlara səfərlər edirlər. Müxtəlif ölkələrin dövlət başçılarının həmin ərazilərə səfərləri baş tutur. Bütün bunlar Azərbaycanın reallığı qəbuletdirmə mexanizmlərinin çox əhəmiyyətli məsafə qət etdiyini göstərir. Kərimov əlavə etdi ki, Azərbaycan ordu quruculuğuna da diqqət yetirir. Bununla Azərbaycan öz strateji güc və çəkindirmə vasitələrini artırmış olur ki, gələcəkdə Azərbaycana qarşı hər hansı bir revanş cəhdi baş tutmasın.


İqtisadçı Eldəniz Əmirov açıqlamasında deyib ki, Azərbaycan 44 günlük müharibə zamanı dünya ölkələrini necə heyrətləndirmişdisə, işğaldan azad etdiyi ərazilərdə də postmünaqişə dövründə eyni heyrəti yaşatdı. O vurğulayıb ki, son 50 il ərzində heç bir regionda Azərbaycanın beş il ərzində yenidənqurma və bərpa istiqamətində əldə etdiyi göstəricilər müşahidə edilməyib. Beş il ərzində işğaldan azad edilən bölgələrə 22 milyon vəsait xərclənib. Bu, yalnız siyasi arenada gedən dönməz siyasət və davamlı uğur deyil, həm də iqtisadi arenada güzəştlərin tətbiqi, sahibkarlıq fəaliyyətinin yaradılması və iqtisadi inteqrasiyanın təmin olunmasıdır.


Bütün bu fəaliyyətlər əhalinin ora köçürülməsi, minatəmizləmə işləri, yol, enerji və digər infrastrukturun yaradılması ilə paralel şəkildə aparılıb. Azərbaycan bu işlərə paralel olaraq Ermənistanı sülhə gətirmək və beynəlxalq aləmi özünün tam haqlı olduğuna inandırmaq üçün aktiv işlər görüb. Bütün bunlar Azərbaycan dövlətinin beş il ərzində gördüyü uğurun sadəcə bir ifadəsidir, ölkənin gələcək inkişafının təminatıdır.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: