Yeni ili bölgələrdəki hotellərdə qarşılamaq neçəyə başa gəlir? - QİYMƏTLƏR

04.12.2025 13:16 9 baxış sayı 3 dəq. oxuma Trend
Yeni ili bölgələrdəki hotellərdə qarşılamaq neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni ilin yaxınlaşması Azərbaycanın hotel sektorunda böyük canlanmaya səbəb olur. Bayram günlərində, xüsusən 31 Dekabr-2 Yanvar tarixlərində həm yerli, həm də xarici turistlərin sayının artması tələbatı yüksəldir. Bu yüksək tələbat qiymət dinamikasında müəyyən dəyişikliklərə gətirir. Təqdim olunan qiymətlər bölgələrdə yerləşən məşhur hotellərdə iki gecəlik istirahət paketlərini əhatə edir. Qiymətlər əsasən ikinəfərlik paketlər şəklindədir və adətən Qala gecəsi və müxtəlif qidalanma variantlarını daxil edir.


Ən yüksək qiymət seqmentində Shamakhi Palace Sharadil oteli iki nəfər üçün 1980 manat paket təklif edir. Bu paketin içinə nahar, şam yeməkləri, alkoqollu və alkoqolsuz içkilər daxildir. Basqal Resort and Spa 31 dekabr – 2 yanvar tarixləri üçün qonaqlamanı 1860 manata təyin edib, daha böyük ailələr üçün nəzərdə tutulan 6 nəfərlik villaların qiymətləri isə təxminən 5030 manatdır. Lankaran Springs Wellness Resort da iki nəfərlik bayram paketi üçün 1500 manat qiymət göstərir. Şirvan Grand Hotel iki nəfər üçün 1390 manat ödənişlə şou proqram, səhər, nahar və şam yeməklərini təklif edir. Sakit Göl Şamaxıda standart otaq iki nəfər üçün 1100 manatdır; bura 31 Dekabr Qala gecəsi, 1 Yanvar səhər və şam yeməyi daxil edilir. Dörd nəfərlik kotteclər burada 1700 manatdır.


Daha sərfəli və orta qiymətli variantlar da mövcuddur. Qafqaz Tufandağ Hotel iki nəfərlik standart otaqları 840 manata, deluxe otaqları isə 920 manata təklif edir. Bu paketlərə səhər, şam yeməkləri, əyləncə proqramları və Spa xidmətləri, həmçinin 31 dekabr və 1 yanvar üçün xüsusi şam yeməyi və uşaqlar üçün animatorlar daxildir. Marxal Resort and Spa-da iki nəfərlik standart otaq 840 manatdır, 4 nəfərlik villa isə 1340 manatdır. İsmayıllı Resort Hotel isə 31 dekabr giriş, 2 yanvar çıxışla ümumi 550 manat qiymət təyin edib. Qarabağ hotelində (Şuşa) iki gecəlik qonaqlama 750 manatdır. Şəki Palace Hotel iki nəfərlik paketi 660 manata satır; bura Qala gecəsi, səhər yeməyi, canlı musiqi proqramı və DJ şousu daxildir. Xankəndi şəhərində yerləşən Qala Hotel-də isə iki nəfərlik otaq 790 manatdır, bu qiymətə canlı musiqi və atəşfəşanlıq daxil edilir.


Park Chalet Şahdağda bir nəfər üçün qiymət 350–400 manat arasında dəyişir. Bu paketdə xüsusi buffet menyu, DJ performansı və seçilmiş içkilər var. Gördüyümüz kimi, Yeni il hotelləri xidmətlər və daxil olan paketlərdən asılı olaraq fərqli qiymətlər təqdim edir.


M
Turizm müxbiri

Turizm və səyahət sənayesi haqqında yazıram. Azərbaycanda və xaricdə marqlı yerləri kəşf etmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: