YAP Azərbaycan dövlətçiliyinin dayaqlarından birinə çevrilib - Afət Həsənova

20.11.2025 10:06 5 baxış sayı 5 dəq. oxuma Trend
YAP Azərbaycan dövlətçiliyinin dayaqlarından birinə çevrilib - Afət Həsənova

Milli Məclisin deputatı Afət Həsənova Yeni Azərbaycan Partiyasının (YAP) ümumxalq siyasi təşkilatı kimi formalaşaraq ölkənin siyasi sistemində güclü partiya statusu qazandığını bildirib. O deyib ki, YAP xalqın milli maraqlarını, dövlətçilik mənafeyini və strateji hədəflərini ifadə edir. Partiyanın meydana gəlməsi Azərbaycan dövlətçiliyinin son dərəcə həssas və təhlükəli bir dövrünə təsadüf edir. Ölkə dərin siyasi böhran, xaos və parçalanma təhlükəsi ilə üzləşmişdi. Deputat qeyd edib ki, YAP-ın yaranması təsadüfi bir hadisə deyildi; bu, tarixi zərurətdən doğan milli bir missiya idi. Həmin vaxt Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı, siyasi hakimiyyət böhranı yaşanırdı. Qeyri-qanuni silahlı dəstələr özbaşınalıq edirdi, iqtisadiyyat isə tamamilə çökmüşdü. Belə bir şəraitdə, xalqı vahid ideya – azərbaycançılıq ideologiyası ətrafında birləşdirəcək, ölkəni uçurumdan çıxara biləcək güclü siyasi təşkilatın yaradılması həyati zərurət idi.


Ölkənin taleyini düşünən ziyalılar və ictimai-siyasi xadimlər məhz belə bir məqamda yeni siyasi güc yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Onlar bu məqsədlə xalqın etimad göstərdiyi dahi lider Heydər Əliyevin ətrafında birləşdilər. A.Həsənova bildirir ki, o dövrdə Azərbaycanın qarşısında duran problemlərin həlli yalnız peşəkar liderlik və aydın strateji hədəflər vasitəsilə mümkün idi. Siyasi anarxiyanı aradan qaldırmaq, separatçı qüvvələrin qarşısını almaq, sosial-iqtisadi böhranı dəf etmək kimi məsələlər aktual idi. Bundan əlavə, Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmək və ən əsası, erməni təcavüzünü dayandıraraq dövlətçiliyi qorumaq üçün güclü və sarsılmaz iradəyə malik təşkilat lazım idi. Məhz bu obyektiv zərurət Yeni Azərbaycan Partiyasının yaranmasına gətirib çıxardı. 1992-ci il noyabrın 21-də Naxçıvanda ölkənin bütün bölgələrini təmsil edən təşəbbüs qrupunun iştirakı ilə YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.


Heydər Əliyevin rəhbərliyi altında YAP qısa müddətdə təşkilatlandı və geniş xalq kütlələrinin etimadını qazandı. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı müstəqilliyin möhkəmlənməsinə, dövlətçiliyin bərpasına və ölkənin yeni inkişaf mərhələsinə qədəm qoymasına gətirdi. Deputat qeyd edir ki, həmin dövrdə həyata keçirilən qətiyyətli addımlar sayəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi. Qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Həmçinin, müharibədə uzunmüddətli atəşkəsə nail olundu. Bu dövr Azərbaycan dövlətçiliyinin bərpası və müstəqilliyin möhkəmlənməsi ilə nəticələndi, ölkəni parçalanma təhlükəsindən qurtardı.


Yeni Azərbaycan Partiyasının 2005-ci il martın 26-da keçirilən III qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev partiyanın yeni sədri seçildi. Prezident İlham Əliyev partiyanın fəaliyyətinə yeni dinamizm, yeni siyasi yanaşma və müasir idarəçilik ruhu gətirdi. Bu gün YAP təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası sayılır. 2021-ci ilin martında keçirilmiş VII qurultayda partiyanın yeni Nizamnaməsi, İdarə Heyətinin 40 nəfərlik tərkibi və yeni yaradılan YAP Veteranlar Şurası təsdiq edildi. Afət Həsənova vurğulayıb ki, partiyanın yaranmasının 33 illiyi tamam olur. Bu illər ərzində YAP Ümummilli Lider Heydər Əliyevin ideyalarından qaynaqlanan zəngin siyasi məktəbin daşıyıcısı kimi inkişaf yolu keçib. Hazırda Yeni Azərbaycan Partiyası öz fəaliyyətini Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursa uyğun qurur, müasir dövrün çağırışlarını diqqətdə saxlayır və ölkənin gələcək inkişafına ciddi töhfələr verir. Partiya Azərbaycan dövlətçiliyinin dayaqlarından birinə çevrilib.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: