Azərbaycan qədər parlaq və qəti qələbə əldə etmiş ikinci bir ölkə yoxdur - RƏY

04.11.2025 13:16 9 baxış sayı 3 dəq. oxuma Trend
Azərbaycan qədər parlaq və qəti qələbə əldə etmiş ikinci bir ölkə yoxdur - RƏY

Milli Məclisin deputatı Afət Həsənova bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan Zəfər dünya tarixində nadir hadisələrdəndir. Müasir dövrdə Azərbaycan qədər parlaq və qəti qələbə əldə etmiş ikinci bir ölkə yoxdur. Deputatın sözlərinə görə, həm Vətən müharibəsi, həm də ondan sonra keçirilən bir günlük antiterror əməliyyatı ölkəmizin tam suverenliyini bərpa etməyə imkan verdi. Azərbaycan bu gün öz ərazisində separatizmə son qoyub, işğalçı qüvvələri tamamilə çıxarıb və ərazi bütövlüyünü tamamilə bərpa edib. Xalqımız bir neçə gün sonra tarixi Zəfərin beşinci ildönümünü qeyd edəcək. Həmin gün xalqımızın qürur səhifəsi hesab edilir və dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.


Afət Həsənova vurğulayıb ki, İkinci Qarabağ müharibəsində əldə edilən qələbə yalnız hərbi baxımdan deyil, həm də mənəvi cəhətdən böyük əhəmiyyət daşıyırdı. Bu Qələbə, əsrlər boyu xalqımıza qarşı törədilmiş ədalətsizliklərə, işğala və vandalizmə verilmiş layiqli cavab idi. Bu böyük nailiyyət qəhrəman oğullarımızın canı və qanı bahasına qazanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurdu. Nəticədə xalqımızın 30 illik həsrətinə son qoyuldu və torpaqlarımız işğaldan azad edildi. Qalib xalq olaraq, biz şəhidlərimizin əziz xatirəsini hər zaman ehtiramla yad edirik.


Deputat əlavə edib ki, hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Qarabağ və Şərqi Zəngəzurun azad olunması ilə ölkəmizin həyatında yeni, strateji mərhələ başladı. Əsas məqsəd bu torpaqlara həyatın geri qaytarılması, infrastrukturun bərpasıdır. Bundan başqa, keçmiş məcburi köçkünlərin doğma yurdlarına layiqli şəraitdə qayıdışı təmin edilməlidir. Azərbaycan dövləti bu işə dərhal başlayıb. Prezident İlham Əliyevin sərəncamı ilə 'İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı' təsdiqlənib. Bu proqramın birinci mərhələsinin 2026-cı ilin sonunadək yekunlaşması gözlənilir. Bu mərhələdə 140 minə yaxın məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdışı nəzərdə tutulur.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: