“Rebuild Karabakh” hakatonu uğurla başa çatıb (FOTO)

15.11.2025 09:56 10 baxış sayı 3 dəq. oxuma Trend
“Rebuild Karabakh” hakatonu uğurla başa çatıb (FOTO)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil edilən “Rebuild Karabakh” hakatonu uğurla yekunlaşıb. Bu tədbir “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin həyata keçirdiyi “Ağıllı Şəhər, Yaşıl Gələcək: WUF2026-a doğru” layihəsi çərçivəsində baş tutdu. İki gün davam edən hakaton 2025-ci il oktyabrın 31-dən noyabrın 1-dək davam etdi. Layihənin əsas məqsədi Qarabağın yenidən qurulması işlərinə gənclərin, startapçıların və mütəxəssislərin yeni yanaşmalarla cəlb edilməsidir. Eyni zamanda, tədbir regionun ağıllı, ekoloji və dayanıqlı inkişafına töhfə verməyi hədəfləyirdi. Hakatonun ilk günündə iştirakçılar mentorların rəhbərliyi altında "ağıllı şəhərlər," "mobillik," "yaşıl texnologiyalar" və "dayanıqlı inkişaf" sahələri üzrə öz ideyalarını hazırladılar.


İkinci gün isə 18 komandadan olan 75 iştirakçı hazırladıqları layihələri münsiflər heyətinə təqdim etdi. Qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra qaliblər müəyyənləşdirildi. "LankonFarm" komandası birinci yerə, "Engineers" komandası ikinci yerə, "HidroBanm" komandası isə üçüncü yerə layiq görüldü. Qalib komandalar mükafatlandırıldı. Bundan başqa, münsiflər heyətinin qərarı ilə "UNECode," "Lunex," və "CO2toD" komandalarına həvəsləndirici mükafatlar verildi.


Qalib gələn komandaların layihələri xüsusilə yeni və dayanıqlı yanaşmaları ilə seçildi. Məsələn, "LankonFarm" komandası Qarabağ fermerləri üçün aqrotexnoloji həll təklif etdi. Bu sistemdə vasitəçilik azaldılır, məhsulun daşınması ağıllı soyuducu və sensor izləmə sistemləri vasitəsilə daha səmərəli hala gətirilir. "Engineers" komandası Qarabağdakı su və torpaq problemlərini həll etmək üçün kənd təsərrüfatı modeli təqdim etdi. Bu modeldə balıqçılıq əkinçiliklə birləşdirilir, sensor və filtrasiya sistemləri isə resurslardan səmərəli istifadəni mümkün edir. Üçüncü yeri tutan "HidroBANM" komandası isə hidrogellər istifadə edərək rütubəti udan ağıllı həll yaratdı. Bu yeni metod infrastrukturda korroziyanın və su yığılmasının qarşısını alır, beləliklə, həyat keyfiyyətini və ekoloji dayanıqlığı artırır.


Bu hakatonun vacib nəticələrindən biri odur ki, ümumilikdə 6 komanda 2026-cı il mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasında iştirak etmək hüququ qazanıb. Bu, Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biridir. Bu təşəbbüs Qarabağın gələcəyinin müasir, ekoloji və "ağıllı şəhər" standartlarına uyğun qurulmasına mühüm yardım edir. Eyni zamanda, gənclərin regionun inkişaf prosesində aktiv iştirakına zəmin yaradır.


S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: