Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr Azərbaycan elminin yol xəritəsidir

05.11.2025 08:07 6 baxış sayı 7 dəq. oxuma Trend
Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr Azərbaycan elminin yol xəritəsidir

Hər bir cəmiyyətin inkişaf səviyyəsini şərtləndirən əsas meyarlardan biri onun elmi potensialıdır. Tarixi təcrübə göstərir ki, elmdə uğurlu olan cəmiyyətlər digər sahələrdə də irəliləyiş əldə edirlər. Müasir dövrün, xüsusən də Dördüncü Sənaye İnqilabının rəqəmsal nəticələri elmin qarşısında yeni tələblər qoyur. Bu, sahədə daha çevik fəaliyyətin həyata keçirilməsini tələb edir.


Zəngin keçmişi və böyük nailiyyətləri olan Azərbaycan elmi daim müasir çağırışlarla ayaqlaşmalı, öz işini dövrün tələblərinə uyğun qurmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində söylədiyi nitq olduqca əhəmiyyətlidir. O, Azərbaycan elminin qarşısında duran, çağdaş qlobal inkişaf meyllərindən irəli gələn vəzifələrin müəyyən olunması baxımından bir təkmil yol xəritəsi təqdim etdi.


Azərbaycan elminin zəngin tarixi və ənənələri var. Alimlərimiz, filosoflarımız, mütəfəkkirlərimiz tarix boyu xalqımızın və bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük töhfələr veriblər. AMEA-nın tarixi və fəaliyyəti ölkədə elmə hər zaman diqqət və qayğı göstərildiyini bildirir. Azərbaycanda elmin inkişafından danışarkən Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində qeyd etdiyi kimi, hələ ötən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi zamanı Akademiyanın fəaliyyəti yaxşılaşdırıldı və bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı. Həmin dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gəncləri oxumaq üçün keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə göndərilirdi; bu da respublikanın elmi potensialını yüksəltmişdi. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan ictimaiyyəti ilə ilk görüşünün AMEA-da keçirilməsi onun ziyalılara verdiyi böyük dəyərin göstəricisi idi.


Azərbaycanın dinamik inkişafı ilə səciyyələnən müasir dövr elmi yüksəliş mərhələsi kimi də xarakterizə edilir. Buna səbəb respublikada elmin inkişafı üçün güclü siyasi iradənin olmasıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ənənələri davam etdirən Prezident İlham Əliyev elmi potensialın qorunmasını və daha da inkişaf etdirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Ölkənin genişlənən maliyyə imkanları sayəsində hər il dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin həcmi artırılır. Bu dövrdə elmin inkişafı üzrə Milli Strategiya qəbul edildi, “Elm haqqında” qanun təsdiq olundu. İcra edilən Dövlət Proqramı elmi inkişafa böyük təkan verərək fundamental dəyişikliklərə səbəb oldu. Elmi müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi və innovasiya fəaliyyətinin normativ-hüquqi bazasının gücləndirilməsi də qarşıya qoyulan vəzifələrin uğurlu icrasına imkan yaratdı. O cümlədən 2009-cu ildə Elm Fondunun yaradılması ölkəmizdə elmə göstərilən qayğının mühüm tərkib hissəsidir.


AMEA-dakı çıxışında Prezident İlham Əliyev elm adamlarının daha çox diqqət yetirməli olduqları məsələləri də gündəmə gətirdi. Dünya sürətli inkişaf yolundadır və qarşıda duran vəzifələr də sürətlə dəyişir. Dövlətimizin başçısının bildirdiyi kimi, bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır. Dünya Dördüncü Sənaye İnqilabı dövründə yaşayır. Bu dövrün əsas reallığı texnoloji inkişafın yeni keyfiyyət mərhələsinə yüksəlməsi və rəqəmsal texnologiyaların tətbiq olunmasının geniş vüsət almasıdır. İndi hər bir ölkənin yüksəlişi onun texnoloji imkanları və rəqəmsallaşma səviyyəsi ilə ölçülür. Rəqəmsallaşma dövründə süni intellekt cəmiyyət həyatının bütün sahələrinə daxil olur. Prezident İlham Əliyev müasir reallıqlara əsaslanaraq Azərbaycan alimlərini texnoloji yüksəlişdə, o cümlədən süni intellektin həm inkişafında, həm də tətbiqində, o cümlədən rəqəmsallaşmada fəal olmağa çağırdı. Kibertəhlükəsizlik, hərbi sənaye və bərpaolunan enerji ilə bağlı toxunulan məqamlar da müasir dövrün inkişaf meylləri ilə səsləşən məsələlərdir. Ölkəmizin bu sahələrdə uğur qazanması texnoloji inkişafdan və elm adamlarının töhfələrindən əhəmiyyətli dərəcədə asılıdır.


Prezident İlham Əliyev elmimizin praktik nəticələri olmalıdır deyə bildirdi: "Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər". Dövlət başçısı həmçinin milli-mənəvi vəzifələri də qeyd etdi. Bu vəzifələrə dövlətimizin tarixi, əzəli Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində xalqımıza məxsus toponimlərin dəyişdirilməsi məsələləri daxildir, həmçinin ana dilimizlə bağlı məqamlar da toxunulub. Bütün bunlar həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, gənc nəslin tariximizi yaxından bilməsi, Qərbi Azərbaycana qayıdışın məntiqli və ədalətli səslənməsi, həm də ana dilimizin saflığının qorunması baxımından vacibdir. Prezident İlham Əliyev müstəqil Azərbaycanın tarixini tədqiq və təbliğ edən əsərlərə ehtiyac olduğunu vurğuladı.


Prezident İlham Əliyevin AMEA-dakı çıxışı bir daha təsdiqlədi ki, elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Bundan sonra da elmin ölkənin inkişafında yaxından iştirakına və elmi nailiyyətlərin iqtisadiyyata praktik tətbiqinə xüsusi diqqət ayrılacaq. Dövlət başçısının nitqində elmlə bağlı qeyd etdiyi məsələlər Azərbaycanın inkişafının yeni mərhələsinin ideoloji əsaslarını müəyyən edən milli vəzifələrdir. Bu vəzifələrin icrası qarşıdakı dövrdə Azərbaycanın iqtisadi, texnoloji və rəqəmsal yüksəlişində mühüm rol oynayacaq.


G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: