“mygov” platformasından istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

24.11.2025 08:46 9 baxış sayı 3 dəq. oxuma Trend
“mygov” platformasından istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

Ölkənin əsas rəqəmsal hökumət platforması sayılan “mygov”da istifadəçilərin sayı 2 milyon nəfəri ötüb. 2025-ci il ərzində həm veb, həm də mobil tətbiq üzərindən platformaya qoşulan vətəndaşların sayında böyük artım müşahidə edilib. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.


Cari ildə platformadan 1 milyondan çox vətəndaş qeydiyyatdan keçdi. Bu göstərici ötən ilin sonu ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Platformadan mütəmadi istifadə edən, sistemə daxil olaraq rəqəmsal xidmətlərdən faydalanan aktiv istifadəçilərin sayı isə 800 min nəfərdir. Hal-hazırda platformada ümumilikdə 400-dən çox rəqəmsal xidmət mövcuddur.


2025-ci il ərzində vətəndaşların ən çox istifadə etdiyi sənədlər arasında şəxsiyyət vəsiqəsi məlumatları, iş yeri məlumatları, ailə tərkibi, sürücülük vəsiqəsi və nikah haqqında məlumatlar yer alır. İstifadənin əsasını QR paylaşımı və sənəd yükləmə funksiyaları təşkil edir. Hazırda platformada 69 rəqəmsal sənəd və məlumat təqdim olunur. Keçən ilin eyni dövrü ilə müqayisədə, vətəndaşlar tərəfindən bu rəqəmsal məlumatlardan istifadə sayı 2 dəfə artaraq təxminən 2,2 milyon təşkil etdi. Vətəndaşların ən çox müraciət etdiyi xidmətlər sırasında məhkumluq haqqında arayış, mobil cihazların qeydiyyatı, ailə üzvləri haqqında arayış, subaylıq haqqında arayış və nəqliyyat vasitəsindən istifadə üçün etibarnamə xidmətləri üstünlük təşkil edir. Platformada 37 dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırıldı. Cari ildə bu xidmətlərə müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artaraq 220 mindən çox oldu.


Platformada istifadəçi sayının artmasına bir neçə əsas rəqəmsal funksionallıq ciddi təsir göstərib. Bu artımda “mygov ID” funksiyası xüsusi rol oynadı. Bu funksiya vətəndaşlara QR kod vasitəsilə dövlət və özəl qurumların sistemlərinə rahat və sürətli giriş imkanı verir. Bundan əlavə, “İcazələrin idarə edilməsi” funksiyası vətəndaşlara fərdi məlumat paylaşımına nəzarət imkanı verərək platformanı daha təhlükəsiz və rahat edib. Yeni istifadəyə verilmiş dövlət qurumlarına məktub göndərmək və almaq funksiyası da vətəndaş mərkəzli rəqəmsal xidmət təcrübəsini yüksəltdi. “mygov” tətbiqi vasitəsilə vətəndaşlar məhkumluq, ailə tərkibi, təhsil, hərbi xidmət məlumatları, etibarnamə verilməsi, kommunal xidmətlər üzrə abonent məlumatlarının dəyişdirilməsi, borc və səhiyyə məlumatları kimi fərqli xidmətlərdən faydalana bilirlər. Platformanın imkanlarının genişləndirilməsi və istifadə rahatlığının artırılması sayəsində bu artım dinamikasının növbəti dövrlərdə də davam edəcəyi gözlənilir.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: