Kiyev üçün sülh, yoxsa təslim planı? – Ukrayna lideri aciz durumda - ŞƏRH

24.11.2025 13:38 11 baxış sayı 4 dəq. oxuma Report
Kiyev üçün sülh, yoxsa təslim planı? – Ukrayna lideri aciz durumda - ŞƏRH

Cenevrədə aparılan danışıqların nəticəsi olaraq Kiyev və Vaşinqton Ukraynada sülhün əldə edilməsi üçün yenilənmiş çərçivə sənədi hazırlayıblar. Bu sənədin detalları hələlik dərc edilməsə də, tərəflərin birgə bəyanatında bildirilir ki, gələcəkdə istənilən sazişdə Ukraynanın suverenliyinə tam hörmət edilməli, davamlı və ədalətli sülh təmin olunmalıdır. Ötən gün Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak və ABŞ dövlət katibi Marko Rubio Cenevrədə görüşüb danışıqları "məhsuldar" adlandırdılar.


Marko Rubio Prezdent Donald Trampın administrasiyasının "sülh planı"nın yenidən işlənmiş versiyasının həyata keçirilməsi üçün yüksək potensiala malik olduğuna əminliyini ifadə edib. O, bu danışıqlar nəticəsində gələcək işlər üçün əsas rolunu oynayacaq fundamental sənədin yaradıldığını vurğulayıb. Hər iki tərəf yaxın günlərdə sənəd üzərində intensiv işi davam etdirməyi və Avropa tərəfdaşları ilə sıx əməkdaşlığı razılaşdırıblar. Sənəd hazırlandıqdan sonra Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında yeni təmasın olması ehtimalı var. Rusiya da Trampın sülh planını aldığını etiraf edib və Kreml gələcək razılaşmalar barədə öz mövqeyini bildirəcək. Cenevrə danışıqlarında irəliləyiş əldə edilərsə, Zelenski qarşıdan gələn həftədə Ağ Evə səfər edə bilər.


Trampın 28 maddəlik sülh planında daha çox Rusiya və ABŞ-nin mənafeyi nəzərə alınıb. Planın 5-ci maddəsi Ukraynanın etibarlı təhlükəsizlik zəmanətləri alacağını vurğulasa da, 1994-cü il Budapeşt Memorandumunda verilən eyni zəmanətlər Rusiyanın 2014 və 2022-ci illərdəki hərəkətləri ilə pozulmuşdu. Daha da narahatlıq doğuran məqam 21-ci maddədir; bu maddə Ukraynanı torpaq itkisi ilə razılaşmaya təhrik edir, Krım, Luqansk və Donetsk de-fakto Rusiya əraziləri kimi tanınır. Bu şərtlər Avropa İttifaqından olan müttəfiqləri qane etmir. Avropalıların sənədində üç əsas bənd var: Ukraynanın silahlı qüvvələrinə məhdudiyyətlər qoyulmayacaq, ölkə Zaporojye atom elektrik stansiyası və Kaxovka su bəndi üzərində nəzarəti bərpa edəcək. Bundan əlavə, digər ərazi mübahisələri yalnız atəşkəs baş verdikdən sonra nəzərdən keçiriləcək. Bu deməkdir ki, Kiyev atəşkəs naminə qoşunları Donbasdan çıxarmayacaq.


Rusiyanın "xüsusi əməliyyatı" başlayana qədər, yəni 2014-2022-ci illər arasında rəsmi Kiyev ölkəsinin suverenliyini qorumaq üçün sanki gecikdi. Ukrayna bu səkkiz il ərzində ordu quruculuğu və daxili siyasi problemlərini həll edə bilmədi, bütün ümidlərini Qərbə bağladı. Siyasi qüvvələr Moskvanın niyyətini nəzərə almadan hakimiyyət uğrunda mübarizə aparırdılar. Bu vəziyyət, Ukraynanın vaxtilə beynəlxalq güclərdən çox, öz imkanlarına güvənməli olduğunu göstərir. Bu mənada, ukraynalı ekspertlərin Azərbaycanın torpaqlarını öz gücü ilə işğaldan azad etmə təcrübəsinə müraciət etməsi anlaşılandır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, Qərbdən təzyiq görməsinə və torpaq itkisi ilə barışmaq təkliflərinə baxmayaraq, praqmatik və qətiyyətli siyasət yürütdü. Azərbaycan heç kimdən yardım almadan, öz iqtisadi və beynəlxalq nüfuzunu artıraraq haqlı savaşında qalib gəldi. Bu gün Zelenski xalqa müraciət edərkən ya torpaqlarını, ya da əsas müttəfiqlərini itirə biləcəkləri seçim qarşısında aciz qaldıqlarını etiraf edir. Ona görə də Kiyev, 31 il əvvəlki zəmanətləri unudanların hazırladığı "sülh planlarına" inanmaq üçün güclü bir liderə və etibarlı təminatlara ehtiyac duyur.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: