İsmayıllıda “Zubrları təbiətimizə qaytaraq!” adlı düşərgə keçirilib (FOTO)

03.11.2025 13:46 8 baxış sayı 3 dəq. oxuma Trend
İsmayıllıda “Zubrları təbiətimizə qaytaraq!” adlı düşərgə keçirilib (FOTO)

İsmayıllı rayonunda Avropa zubrlarının Azərbaycan təbiətinə qaytarılması məqsədilə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə növbəti təhsil düşərgəsi keçirilib. 27-29 oktyabr tarixlərində təşkil olunan “Zubrları təbiətimizə qaytaraq!” adlı bu düşərgə, “Azərbaycanda zubrların reintroduksiyası” proqramının tərkib hissəsi idi. Düşərgəni IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Elm və Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi birgə həyata keçirdi. Tədbirə İsmayıllı rayonundan 52 məktəbli qatıldı. Bu gənclər təbiətin qorunması sahəsində praktiki bilik və bacarıqlar əldə etdilər.


“Zubrları təbiətimizə qaytaraq!” düşərgəsinin əsas məqsədi gəncləri təbiətə qaytarılması planlaşdırılan zubrların mühafizəsinin əhəmiyyəti barədə məlumatlandırmaq idi. Proqram tələbələrdə ətraf mühitin qorunması sahəsində xüsusi bilik və bacarıqların, eyni zamanda təbiətə qarşı qayğıkeş və məsuliyyətli münasibətin formalaşdırılmasına kömək edir. IDEA İctimai Birliyi layihə tərəfdaşları - Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi ilə birlikdə geniş mühafizə və maarifləndirmə tədbirləri həyata keçirir. 2012-ci ilin sonundan etibarən ölkəmizin vəhşi təbiətinə zubrların reintroduksiyası istiqamətində intensiv işlər aparılır.


Bu işlər çərçivəsində, 2015-ci ildə Şahdağ Milli Parkının İsmayıllı inzibati ərazisinə daxil olan hissəsində 305 hektar sahə ayrılıb. Bu sahədə zubrların çoxaldılıb sonradan təbiətə buraxılması üçün lazım olan kompleks də tikilib. Heyvanların populyasiyasının bərpası məqsədilə xarici zooparklarla da əməkdaşlıq edilir. 2019-2024-cü illər ərzində Fransa, Belçika və Almaniyadan ölkəyə cəmi 46 baş zubr gətirilib. Həyata keçirilən səylər nəticəsində, parkda hazırda zubrların ümumi sayı 68 başa çatıb.


S
Ailə və cəmiyyət müxbiri

Ailə, uşaq tərbiyəsi və valideynlik mövzularında yazıram. Özüm də 2 uşaq anasıyam, bu təcrübə işimdə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: