Hibrid və ideoloji təhdidlər – Ekspertlər “Baku Network” platformasında (FOTO/VİDEO)

24.11.2025 09:26 10 baxış sayı 4 dəq. oxuma Trend
Hibrid və ideoloji təhdidlər – Ekspertlər “Baku Network” platformasında (FOTO/VİDEO)

“Bakı Şəbəkəsi” (“Baku Network”) Təhlil və Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə hibrid və ideoloji müharibələr mövzusunda növbəti dəyirmi masa keçirilib. Azernews.az onlayn qəzetinin baş redaktor müavini Elnur Ənvəroğlunun moderatorluğu ilə aparılan müzakirələrdə xaricdən gələn zərərli təsirlər, təhdidlər, saxta xəbərlər və süni intellekt vasitəsilə həyata keçirilən savaşlar diqqət mərkəzində olub. E. Ənvəroğlu çıxışında qeyd edib ki, biz artıq top-tüfəngsiz bir müharibə mərhələsinə qədəm qoymuşuq: Bu, informasiya müharibəsidir. Hazırda böyük dövlətlər informasiyanı kiçik dövlətlərə qarşı silah kimi istifadə edir. Bu yeni növ konflikt rəqəmsal platformaların yayılması ilə daha təsirli hala gəlib, cəmiyyətlər üçün ciddi təhlükələr yaradır.


Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri, əməkdar jurnalist Müşfiq Ələsgərli informasiya müharibəsinin daha qəddar formada aparılması üçün yeni mexanizmlərin ortaya çıxdığını bildirib. Onun sözlərinə görə, əvvəllər ənənəvi media ilə informasiya savaşı aparılırdısa, bu gün rəqəmsal platformalar onları əvəz edir. Həmin platformalar dezinformasiyanın hər bir evə çatmasına imkan yaradır. M. Ələsgərli dünyada istehsal olunan informasiyaların təxminən 80%-nin saxta xəbərlərdən ibarət olduğunu söyləyib. O əlavə edib ki, yanlış xəbərlərin 66%-i məhz sosial şəbəkələr üzərindən yayılır. Siyasi ekspert Murad Sadəddinov da bildirib ki, bütün dövrlərin öz informasiya aləti olub; hazırda bu alət hər kəsin əlindəki telefonlardır. Telefonlarımız qısa müddətdə böyük kütləni ələ alma gücünə malikdir.


Mütəxəssislər süni intellekt (Sİ) məhsulu olan təbliğat kampaniyalarının Azərbaycana qarşı fəal şəkildə aparıldığını vurğulayıblar. M. Sadəddinov deyib ki, biz Sİ ilə hazırlanan materiallara baxarkən onun saxta olduğunu anlaya bilirik. Başqa insanların da bu təhlükədən xəbərdar olması üçün xüsusi mexanizmlər hazırlanmalıdır. Trend BİA-nın direktor müavini Sahil Kərimli Azərbaycana qarşı aparılan informasiya savaşının hibrid mərhələyə keçdiyini izah edib. O, əvvəllər bu savaşın qərəzli mövqe və qaralama ilə aparıldığını, lakin həmin dairələr təzyiqin işləmədiyini gördükdən sonra süni intellekt vasitəsilə həyata keçirilən hibrid savaşa keçdiklərini bildirib. S. Kərimli, hibrid savaşın süni intellektlə aparılmasının təhlükəli bir tendensiya olduğunu qeyd etdi.


“Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai Birliyinin rəhbəri Elçin Alıoğlu informasiya müharibəsində İsrailin təcrübəsindən yararlanmağı təklif edib. İsraildə ölkə əleyhinə yayılan yanlış informasiyaları dərhal tapıb dövlətin mənafeyinə zidd xəbər kimi qeydə alan xüsusi bir proqram işləyir. O, həmçinin İsraildə bəzi hallarda Wi-Fi kəsilərək GPS vasitəsilə xəbərləşmənin təmin edilməsi təcrübəsindən danışdı. Sahil Kərimli isə çıxışında cəmiyyəti doğru informasiya ilə təmin etməkdə həm yerli telekanalların, həm də yerli media qurumlarının böyük rolu olduğunu vurğulayıb. O, Azərbaycan əhalisinin əksəriyyətinin Sİ ilə hazırlanan saxta xəbərləri doğru qəbul edəcəyinə inanmadığını bildirdi, lakin gələcəkdə süni intellekt vasitəsilə hazırlanacaq hər hansı təhlükələrə qarşı cəmiyyətin hazır olmasının vacib olduğunu deyib.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: