Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

30.10.2025 18:56 4 baxış sayı 3 dəq. oxuma Trend
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri təşkil edildi. Oktyabrın 30-da baş tutan yarışda 10-11 və 12-13 yaş qrupundan olan oğlan və qızlar iştirak edib. Bu tədbirin əsas məqsədi uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək idi. Turnir uşaqlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirməyi hədəfləyir.


Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva da yarışları izləyənlər arasında idi. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkil etdiyi bu yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhər 1, 2, 3 və Gəncə şəhər 4 saylı Uşaq evlərinin komandaları güclərini sınaqdan keçirdilər. Hər iki yaş qrupu üzrə komandalar “Şahinlər”, “Birlik”, “Zəfər” və “Kəpəz” adları altında mübarizə aparıblar. Oyunlar zamanı iştirakçılar və matçları izləyənlər böyük coşqu və sevinc yaşadılar, həm oğlanlar, həm də qızlar yüksək idman əzmi və dostluq münasibəti göstərdilər.


Turnirin ən yaddaqalan məqamlarından biri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyevanın bütün komandaları yaxından dəstəkləmələri oldu. Onlar uşaqlarla səmimi söhbətlər etdilər və onlarla şəkillər çəkdirdilər. Onlar iştirakçılara uğurlar arzuladı, gələcəkdə bu cür tədbirlərin daha geniş miqyasda və mütəmadi şəkildə keçirilməsinin vacibliyini vurğuladılar. Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla təltif olundu. İkinci və üçüncü yerləri tutan komandalar da medal və diplomlarla mükafatlandırıldı. Bu turnir ilk dəfə bu ilin may ayında təşkil edilmişdi və indiki yarış o ənənənin uğurlu davamıdır.


Tədbirin sonunda iştirakçılar, tərbiyəçilər və təşkilatçılar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkür etdilər. Onlar qeyd etdilər ki, belə təşəbbüslər uşaqların həyatına müsbət təsir göstərir, xüsusilə də uşaqlarda özünəinamın və sosial əlaqələrin güclənməsinə kömək edir. Turnirin təşkili sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzinin təşviqi, cəmiyyətə inteqrasiyasına dəstək və yeni dostluqlar qurmaq üçün şərait yaratmaq məqsədi daşıyır.


E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: