Gümrünün "fəthi" - Paşinyan rusiyapərəst və revanşistləri zəiflədir – ŞƏRH

21.10.2025 10:37 7 baxış sayı 6 dəq. oxuma Report
Gümrünün "fəthi" - Paşinyan rusiyapərəst və revanşistləri zəiflədir – ŞƏRH

Ermənistanın ikinci böyük şəhəri Gümrüdə baş tutan həbs dalğası ölkənin siyasi həyatında ciddi gərginliyə səbəb olub. Oktyabrın 20-də səhər saatlarında hüquq-mühafizə orqanları Gümrü meri Vardan Qukasyanı və daha 7 nəfəri korrupsiya ittihamı ilə həbs etdi. Ermənistan müxalifəti bu həbsi qeyri-qanuni adlandırır, məsələni şişirdərək bunu repressiya dalğası kimi təqdim etməyə çalışır. Lakin hadisənin kökləri daha dərindir.


Gümrüdə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər müxalifət və iqtidar arasında həmişə ölüm-dirim mübarizəsinə çevrilmişdi. Aprel ayında baş tutan seçkilərdə Paşinyan bu şəhərdə qalib gəlmək üçün bütün resurslarını səfərbər etsə də, Serj Sarqsyan, Robert Köçəryan və Apostol Kilsəsinə məğlub oldu. Paşinyan 2018-ci ildə paytaxt İrəvana yürüşünə məhz bu şəhərdən başladığı üçün Gümrü müəyyən simvolik əhəmiyyət daşıyır. Buna baxmayaraq, yuxarıda adı hallanan üçlüyün, xüsusən də kilsənin çağırışları ilə kommunist partiyasının üzvü Vardan Qukasyan şəhər meri seçildi. Sonradan ortaya çıxan səs yazılarında Qukasyana insanların seçkilərə təşviq edilməsi və ona səs verməsi ilə bağlı əmrlərin verildiyi üzə çıxıb. Vardan eyni zamanda seçiciləri pulla almaqda şübhəli bilinir və Nikol Paşinyan bu yaxınlarda çıxışlarının birində bu fakta toxunmuşdu.


Qukasyanın həbsi siyasi amillərlə yanaşı, həm də konkret korrupsiya faktları ilə bağlıdır. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsini verdi. Vardan Qukasyan 7 nəfərlə birlikdə Gümrüdə geniş korrupsiya sxemi qurub. Üzə çıxan faktlardan aydın olur ki, bələdiyyə sədri və şəhərin baş arxitektoru sökülməli olan və sahəsi təxminən 1500 kvadratmetrə çatan qanunsuz tikilmiş binanın leqallaşdırılmasına görə 4 milyon dram, yəni 10 min dollar rüşvət tələb edərək alıblar. İşə həmçinin şəhər ağsaqqallar şurasının bəzi üzvlərini şantaj etmək, eləcə də bələdiyyə sədrinin yaxın qohumuna məxsus torpaq sahələrini qanunsuz özəlləşdirməyə və icazəsiz tikintini qanuniləşdirmək cəhdlərinə dair ittihamlar da daxildir. Maraqlıdır ki, həbs edildikdən sonra Vardan Qukasyan ona qarşı irəli sürülmüş ittihamları nə qəbul edib, nə də rədd edib. Bu işdəki real fakt odur ki, Qukasyan əvvəllər də dəfələrlə rüşvət ittihamları ilə üzləşmişdi. Gümrüdə mer seçildikdən cəmi altı ay sonra o, yenidən köhnə vərdişinə, rüşvətxorluğa qayıtmışdı.


Qukasyan ictimaiyyətdə açıq şəkildə rusiyapərəst mövqeyi ilə tanınır, bu amil də onun həbsində korrupsiya qədər vacibdir. Seçkilərdən sonra Gümrü şəhəri revanşistlərin və rusiyayönümlü qüvvələrin qalası sayılırdı. Buna görə də, bu qüvvələri zəiflətmək 2026-cı il iyunun 7-nə təyin edilmiş parlament seçkiləri üçün lazımlı sayılır. Mer həbs edilməzdən əvvəl Rusiya və Belarusla Gömrük İttifaqının qurulmasını təklif etmişdi. O, hakimiyyətin xarici siyasət kursunu tənqid edir, yeganə çıxış yolunun Rusiyanın qucağına atılmaq olduğunu kürsülərdən bəyan edirdi. Bu cür fikirlərin Kremlin göstərişləri əsasında səsləndirilməsi aydın görünür. Belə bir şəxsin Ermənistanın ikinci böyük şəhərinin meri kimi fəaliyyət göstərməsi, yenidən rüşvətə qurşanması təbii ki, hakim partiyanın planlarına zidd idi. Həbsə təsir edən başqa bir məsələ Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası ilə bağlıdır. Paşinyan hakim komandanın namizədinin seçilməsini Rusiyanın bazanı tərk etməsi ilə bağlı aksiyalara başlamaq üçün istəyirdi. Qukasyanın mer seçilməsi bu plana mane oldu, o, hətta hərbi bazanın çıxarılması tələbi ilə keçirilən aksiyanın əleyhinə Rusiyanı dəstəkləyən şüarlarla yürüşlər təşkil etmişdi.


Qukasyanın həbsi ilə Baş nazirin Vatikana səfərinin eyni vaxta düşməsi təsadüf olmaya bilər. Ehtimallara görə, Qərbin bəzi dairələri daxildəki rusiyapərəst qüvvələrə qarşı əməliyyat keçirilməsi barədə göstəriş verib. Qukasyana qarşı açılan cinayət işi onun siyasi karyerasına birbaşa zərbə vurur. Bu, Gümrüdəki yerli hakimiyyətlə mərkəzi hakimiyyət arasında gərginliyin artmasına gətirib çıxara bilər. Müxalifət, xüsusən də revanşistlər, bu vəziyyətdən istifadə edərək, yerli əhali ilə hüquq-mühafizə orqanları arasında ciddi toqquşmaları təhrik edə bilərlər. Bununla belə, bu rusiyapərəst şəxsin həbsi Vaqarşapat seçkiləri ərəfəsində müxalifətə ciddi bir siqnaldır. Baş nazir bu həbslə yerli seçkilərdə revanşist və rusiyayönümlü qüvvələrə yer olmadığını işarə edir. Onların ən böyük qalası olan Gümrü artıq "fəth edilib". Bundan sonra da bu siyasi xətt izlənəcək. Bu səbəbdən Vaqarşapatda hakimiyyətin namizədi Arqişti Mexakyanın seçilmə şansı yüksəkdir.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: