
Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək

2026-cı il astronomik hadisələrlə zəngin olacaq. Bu dövrdə cəmi dörd əsas tutulma hadisəsi- iki Günəş və iki Ay tutulması qeydə alınacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, ilin ilk Günəş tutulması fevralın 17-də baş tutacaq. Bu tutulma halqavari Günəş tutulmasıdır və 2008-ci il fevralın 7-də baş vermiş oxşar hadisənin təkrarı sayılır. Halqavari tutulma zamanı Ay Yerdən uzaq məsafədə olduğu üçün Günəş diskinin yalnız 0,963 hissəsini örtəcək. Nəticədə Ayın ətrafında parlaq, üzüyə bənzər halqa yaranır. Qismən tutulma saat 13:56:14-də başlayıb, saat 18:27:30-da sona çatacaq. Tutulma hadisəsi təxminən 4 saat 31 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 16:11:45-ə təsadüf edəcək və bu, 2 dəqiqə 20 saniyə çəkəcək. Fevralın 17-dəki bu halqavari tutulma Antarktida və Hind okeanının cənub akvatoriyasında müşahidə olunacaq. Qismən fazaları isə Çili və Argentinanın cənubunda, Cənubi Afrika, Madaqaskar və başqa yerlərdə izləmək mümkün olacaq. Bu hadisə Azərbaycan ərazisindən görünməyəcək.
İkinci Günəş tutulması isə 2026-cı il avqustun 12-də baş verəcək və bu, tam Günəş tutulmasıdır. Bu tutulma 2008-ci il avqustun 1-də baş vermiş tam Günəş tutulmasının təkrarı kimi yadda qalacaq. Qismən tutulma saat 19:34:01-də başlayıb, saat 23:57:48-də başa çatacaq, ümumi davametmə müddəti təxminən 4 saat 24 dəqiqədir. Maksimum tutulma saat 21:46:06-ya təsadüf edəcək. Tam tutulma zamanı Ay Yerə kifayət qədər yaxın məsafədə olur, Günəşi tamamilə örtür və Ayın görünən diametri Günəş diskinin diametrindən 1,0386 dəfə böyük olur. Avqustun 12-dəki tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edəcək. Bu hadisə Şimali Amerikanın şimalında, Afrikanın şimal-qərbində və Avropada müşahidə ediləcək. Tam tutulmanın özü isə yalnız Qrenlandiya, İslandiya, Portuqaliya, İspaniya və Rusiyanın Krasnoyarsk şəhərində görünəcək. Birinci Günəş tutulması kimi, bu hadisə də Azərbaycan ərazisindən görünməyəcək.
2026-cı ilin ilk Ay tutulması martın 3-də baş verəcək. Bu, tam Ay tutulması olacaq və Ayın səmada qırmızımtıl rəngə boyanması ilə, yəni "qanlı Ay" effekti ilə müşayiət olunur. Bu effektin yaranma səbəbi, Yer atmosferinin Günəş işığını süzərək qırmızı-narıncı şüaların Ay səthinə çatmasını təmin etməsidir. Hadisə yarımkölgəli, qismən və tam tutulma mərhələlərindən ibarətdir. Yarımkölgəli tutulma 12:44:25-də başlayacaq, tam tutulma isə 15:04:26-da başlayıb təxminən 58 dəqiqə davam edəcək. Tutulmanın maksimumu 15:33:46-da olacaq. Bu hadisə Asiya, Avstraliya və Şimali Amerikadan görünəcək. Martın 3-dəki "qanlı Ay" hadisəsi 2028-ci ilin dekabrına qədər baş verəcək sonuncu tam Ay tutulmasıdır. Lakin tutulma prosesi zamanı Ay üfüqün altında olduğu üçün Azərbaycan ərazisindən tam görünməyəcək.
İlin dördüncü və sonuncu tutulma hadisəsi isə ikinci Ay tutulmasıdır. Bu, avqustun 28-də baş verəcək qismən tutulmadır. Bu zaman Ay Yer kürəsinin kölgəsinin yalnız bir hissəsindən keçəcək. Nəticədə Ayın bir hissəsi qaralacaq, digər hissəsi isə işıqlı qalacaq. Yarımkölgəli Ay tutulması avqustun 28-də saat 05:23:55-də, qismən tutulma isə saat 06:33:48-də başlayacaq. Tutulmanın maksimumu saat 08:12:53-də gözlənilir. Bu qismən Ay tutulması Avropa, Afrika, Asiya və Amerikadan görünəcək. 2026-cı ildə baş verəcək dörd böyük astronomik hadisədən Azərbaycan ərazisində yaşayanlar sadəcə avqustun 28-dəki yarımkölgəli Ay tutulmasının çox kiçik bir hissəsini müşahidə edə biləcəklər. Bu müşahidə səhər saat 05:23-dən 05:55-ə- Ay batana qədər mümkün olacaq.
Ailə, uşaq tərbiyəsi və valideynlik mövzularında yazıram. Özüm də 2 uşaq anasıyam, bu təcrübə işimdə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

2025-ci ildə iki dəfə Günəş və Ay tutulması olacaq
Bugun.az

İlin ilk Günəş tutulması -FOTO
Bugun.az

Bu ilin ikinci Günəş tutulması başladı
Bugun.az

2025-ci ildə ilk dəfə baş verdi - FOTO
Bugun.az

Martın 14-ü ilə bağlı əhaliyə xəbərdarlıq
Bugun.az

Günəş Enerjisi Hüceyrələri İstehsalında Böyük Sıçr...
Texnologiya xəbərləri



