"Euronews": Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir

11.11.2025 06:28 6 baxış sayı 4 dəq. oxuma Report
"Euronews": Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir

“Euronews” telekanalı Bakıda Azadlıq meydanında keçirilən hərbi parada həsr olunmuş reportaj hazırlayıb. Bu parad Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərin 5-ci ildönümü münasibətilə təşkil edilmişdi. Materiallarda vurğulanır ki, bu qələbə onilliklərlə davam edən qanlı münaqişənin faciəvi səhifəsinə son qoydu. Azərbaycan bu hadisə ilə sülhün yeni dövrünə qədəm qoyur. Reportajda Prezident İlham Əliyevin paradda səsləndirdiyi bəyanatlara yer ayrılıb. Qeyd edilir ki, əldə edilən qələbə strateji iqtisadi və hərbi nailiyyətlərin məntiqi nəticəsi oldu, həmçinin Qarabağın geniş bərpasını şərtləndirdi. Bu hadisə Cənubi Qafqaz tarixində yeni bir səhifəni açır, regionda geosiyasi balansı dəyişir.


Prezident İlham Əliyev münaqişə zamanı verilən dəstəyə görə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana və Pakistanın Baş naziri Şahbaz Şərifə təşəkkürünü bildirdi. O, paradda ilk dəfə Pakistan hərbçilərinin də iştirak etdiyini xüsusi qeyd etdi. Azərbaycan liderinin sözləri sitat gətirilir: “Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”. Türkiyə Prezidenti isə öz növbəsində bəyan etdi ki, Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı dəyişdi və bölgə üçün yeni bir dövrün qapılarını açdı. Ərdoğan dedi ki, bu Zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun təməl daşı kimi görmək lazımdır. O əlavə etdi ki, Qafqazda sülhün bərqərar olması Asiyadan Avropaya qədər bütün regionun rifahına xidmət edəcək.


Materialın müəllifləri, həmçinin Prezident İlham Əliyevin noyabrın 6-da Bakıda NATO-nun nümayəndə heyəti ilə görüşünü diqqət mərkəzinə gətirirlər. Bu görüşdə dövlət başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması işlərinə ciddi yanaşıldığını vurğuladı. Bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlıq aparılır. Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandığından bəri əsas məqsədinə çatdığını, yəni torpaqların işğaldan azad edildiyini qeyd etdi. O, ordunun müasirləşdirilməsi işlərinin bundan sonra da davam edəcəyini bildirdi. Euronews kanalı bununla bağlı məlumat yaydı.


Telekanal onu da xatırladır ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ikitərəfli əlaqələrin bərpasına yönəlmiş mühüm bir sənəd imzalayıblar. Ağ Ev bu razılaşma çərçivəsində ABŞ-ın "Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu" (TRIPP) adlandırılacaq tranzit dəhlizinin inşasına kömək edəcəyini bəyan etdi. Bakı üçün bu dəhliz Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini təmin edir. Həmçinin, Türkiyə ilə əlaqələri möhkəmləndirir və infrastruktur diplomatiyası vasitəsilə müharibədən sonrakı nailiyyətləri daha da sabitləşdirir. Bu cür layihələr Azərbaycanın dünyanın mühüm nəqliyyat-logistika qovşağı kimi mövqeyini gücləndirməyə xidmət edir.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: