Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

22.11.2025 11:17 6 baxış sayı 3 dəq. oxuma Report
Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

Ədliyyə Nazirliyində Ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Nazirliyin rəhbərliyi, struktur qurumların nümayəndələri, həmçinin ədliyyə fəaliyyətinin inkişafında fərqlənən əməkdaşlar iştirak etdilər. Ədliyyə naziri Fərid Əhmədov çıxış edərək əməkdaşları peşə bayramı münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Nazir ölkəmizdə hüquq sisteminin modernləşdirilməsi və ədliyyə sahəsində həyata keçirilən institusional və rəqəmsal islahatlar barədə danışdı.


Nazir öz çıxışında vətəndaşlara göstərilən xidmətlərin səmərəliliyinin və operativliyinin artırılması istiqamətində görülən tədbirləri xüsusi qeyd etdi. Fərid Əhmədov bildirdi ki, dövlət başçısının rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar ədliyyə orqanlarının fəaliyyətinə yeni dinamika gətirib. Bu istiqamətdə əldə olunan nəticələr qarşıya qoyulan yeni hədəflərin reallaşdırılması üçün möhkəm baza formalaşdırıb. Bu addımlar ədliyyə sisteminin inkişafı üçün vacibdir.


Daha sonra mərasim çərçivəsində fərqlənən əməkdaşlar təltif edildi. Fərid Əhmədov 23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmiş ədliyyə orqanlarında çalışan əməkdaşlara medalları təqdim etdi. O, həmçinin "Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2025-ci il tarixli Sərəncamını səsləndirdi. Tədbirin sonunda qulluqda xüsusi fərqləndiklərinə və səmərəli fəaliyyətlərinə görə ədliyyə nazirinin müvafiq əmri ilə təltif olunmuş bir qrup əməkdaşa "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı, döş nişanları, fəxri fərmanlar və təşəkkürlər verildi. Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin Sərəncamına əsasən, 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: