Dövlət orqanlarında çalışanlar və könüllülər yeni qaydada sığortalanacaq, ehtiyat fond olacaq

06.11.2025 07:04 10 baxış sayı 3 dəq. oxuma APA
Dövlət orqanlarında çalışanlar və könüllülər yeni qaydada sığortalanacaq, ehtiyat fond olacaq

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığortaya dair vacib qanun dəyişikliyi müzakirə edildi. Bu dəyişikliklər dövlət sektorunda çalışan geniş bir şəxslər qrupunu əhatə edir. Qanuna təklif edilən yeni 2-1-ci maddəyə əsasən, dövlət orqanlarında, bələdiyyələrdə, eləcə də dövlət və ya bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə işləyənlər icbari qaydada sığortalanacaq.


Həmçinin, dövlət adından yaradılan publik hüquqi şəxslərdə, büdcə təşkilatlarında işləyən şəxslər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər və istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər də bu sığorta proqramına daxil edilir. Bu icbari sığorta müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qurum tərəfindən həyata keçiriləcək. Sığorta olunanların və sığortalıların uçotu qaydası həmin orqan tərəfindən təqdim edilən məlumatlar əsasında müəyyən ediləcək. Qeyd etmək lazımdır ki, bu sığortaçıya kommersiya hüquqi şəxsi kimi fəaliyyət göstərən sığortaçılara aid olan tənzimləmə və nəzarət tədbirləri şamil edilməyəcək.


Bu icbari sığorta üzrə ödənişlərin davamlılığını təmin etmək məqsədilə xüsusi sığorta ehtiyatı fondu yaradılacaq. Bu fond, ödənilən sığorta haqlarının 5 faizədək həcmində müəyyən edilən vəsaitin məcmusu olacaq. Digər tərəfdən, qanun dövlət icbari şəxsi sığorta münasibətlərinə şamil olunmur. Buna görə də, peşə əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı annuitet müqaviləsi və icbari sığorta müqaviləsi yuxarıda adı çəkilən dövlət sektorunun işçilərinə tətbiq edilməyəcək.


Fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və ya digər sığortalılarda çalışan şəxslərə münasibətdə isə sığortaçı fərqli şəkildə müəyyən edilir. Bu halda sığortaçı Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə lisenziyaya malik olan yerli hüquqi şəxs olmalıdır. Həmin şəxs İcbari Sığorta Bürosunun iştirakçısı olmalı, istehsalatda bədbəxt hadisələr nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi sığortası növünü aparmağa, həmçinin qanunla müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa icazə almış olmalıdır.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: