
BMT-nin Baş Qərargahında "Azərbaycan Xalçalarının İkinci Həyatı" sərgisi açılıb

ABŞ-nin Nyu-York şəhərində yerləşən BMT-nin Baş Qərargahında Azərbaycanın mədəni irsinə həsr olunmuş “Azərbaycan Xalçalarının İkinci Həyatı” adlı sərgi açılıb. Tədbir Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi və "Arts Council Azerbaijan" tərəfindən birgə təşkil edilib.
Sərginin açılış mərasimində BMT-də akkreditə olunmuş diplomatlar, müxtəlif ölkələrin səfirləri və təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Daimi Nümayəndəliyin müşaviri Vadim Qusmanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev sərginin ölkəmizin zəngin mədəniyyətini, xüsusilə də xalçaçılıq ənənəsinin dərin tarixi köklərini dünyaya nümayiş etdirdiyini bildirib.
Musayev qeyd edib ki, bu layihə köhnə və yararsız xalçalara yeni həyat verməklə mədəni irsin qorunmasına yönəlib. O, həmçinin bu yanaşmanın davamlı istehlak və məsuliyyətli davranış kimi mühüm dəyərlərin təşviqinə yardım etdiyini vurğuladı. Diplomat sərginin mövzusunun BMT-nin əsas prinsipləri, o cümlədən mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi ideyalarına uyğun gəldiyini deyib. Tofiq Musayev Azərbaycanın 2025-2029-cu illər üçün UNESCO-nun Dünya İrs Komitəsinə seçilməsini qeyd edərək, bu etimada görə üzv dövlətlərə təşəkkürünü çatdırıb.
Sərginin müəllifi, rəssam Sona Quliyeva öz çıxışında tədbirdə 20-dən çox əsərin nümayiş olunduğunu bildirib. Bu əsərlər 1980-2000-ci illərə aid ənənəvi xalça toxuculuğunu müasir bədii yanaşma ilə birləşdirərək tamamilə yeni vizual dəyər yaradır. Rəssam qeyd edib ki, layihə təkrar emal, yenilənmə və şəhər mədəniyyətinin zənginləşdirilməsi prinsiplərini önə çəkir, bununla da BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verir. O, layihəyə dəstək göstərən Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinə və "Arts Council" təşkilatının rəhbəri Dadaş Məmmədova təşəkkürünü ifadə edib.
Sərgidəki bəzi xalça əsərləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. BMT Baş Assambleyasının zalında üzərində "Azerbaycan" yazısı olan kürsünün təsvir edildiyi xalça xüsusi diqqət çəkib. Həmçinin nar, tar musiqi aləti, Azərbaycanın ərazi bütövlüyünü əks etdirən xəritə və milli geyimli Azərbaycan qadını təsvir edilən xalça kompozisiyaları qonaqlar tərəfindən rəğbətlə qarşılanıb. Noyabr ayının 28-nə kimi davam edəcək bu sərgi Azərbaycanın qədim xalça irsi ilə müasir incəsənətin sintezini beynəlxalq auditoriyaya çatdırmağı hədəfləyir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Çinin 138-ci İdxal və İxrac Sərgisinin (Kanton Sər...
Son Xeberler

Portuqaliyanın BMT-dəki səfiri: Azərbaycan xalçala...
Azəri Xəbər

Kalshi Baş Qərargahında Seçki Gecəsi
Texnologiya xəbərləri

Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yol...
Azəri Xəbər

DÇ-2026: Azərbaycan-İslandiya oyununda hesab açılı...
Azəri Xəbər

Prezident açılışda çıxış etdi - YENİLƏNDİ
Bugun.az



