Belçika müstəmləkəçiliyi - istismar və əzabın dəhşətli nümunəsi - ŞƏRH

31.10.2025 12:58 8 baxış sayı 5 dəq. oxuma Report
Belçika müstəmləkəçiliyi - istismar və əzabın dəhşətli nümunəsi - ŞƏRH

Beynəlxalq media diqqətini yenidən Azərbaycana yönəltdi. Bakıda ilk dəfə Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun ağır fəsadlarına həsr olunmuş beynəlxalq tədbir keçirilir. "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" adlı konfransda Belçikanın keçmiş müstəmləkələri- Konqo Demokratik Respublikası, Ruanda və Burundidən nümayəndələr, diplomatlar və rəsmi şəxslər iştirak edirlər. Konfransa səkkiz ölkədən beynəlxalq hüquq mütəxəssisləri, tarixçilər, tədqiqatçılar və təzminat məsələləri üzrə ekspertlər qatılıb. Dünyaya ideal ölkə kimi təqdim edilən Belçika Krallığı indiyə qədər keçmişdə törətdiyi vəhşiliklərə görə nə üzrxahlıq edib, nə də məsuliyyəti qəbul edib. Əksinə, Belçika müstəmləkəçilik siyasətini XX əsrin ortalarına qədər davam etdirib və hazırda da yeni formalarda davam etdirir. Bakıda keçirilən bu tədbir Belçikadan təzminat tələb etmək baxımından böyük əhəmiyyət daşıyır.


Məruzəçilər vurğuladılar ki, Belçika müstəmləkəçiliyi Afrika və Asiyada silinməz izlər buraxıb, yerli xalqlar hələ də bu acıları yaşayırlar. Krallığın siyasəti xüsusilə Konqo Demokratik Respublikası, Ruanda və Burundidə təbii resursların istismarı, zorakılıq və irqi ayrı-seçkiliklə müşayiət olunub. Afrikada Belçika müstəmləkəçiliyi insan əzabının ən dəhşətli nümunələrindən biri olub. Konfransda Belçikanın ən ağır cinayətləri xatırlandı: Konqo Demokratik Respublikasında 10 milyondan çox insanın ölümü, onminlərlə insanın əllərinin kəsilməsi və mədəni resursların talan edilməsi. Vurulmuş zərərin miqyasını görmək üçün tələb olunan təzminat rəqəmlərinə baxmaq yetərli olur: Konqo üçün 500 milyard avro, Burundi üçün isə 36 milyard avro tələb edilir. Belçika bu gün də keçmiş müstəmləkə ərazilərində, xüsusilə kobalt mədənlərinin 80%-nə nəzarət edərək neokolonial istismar siyasətini davam etdirir.


Məşhur konqolu tarixçi Enn Vetsi Mpoma çıxışında təzminat tələbinin əksəriyyət tərəfindən qəbul edildiyini bildirdi. O qeyd etdi ki, müstəmləkəçilik sadəcə iqtisadi asılılıq deyil, həm də bütöv bir xalqın yaddaşını və mədəni kimliyini silmək cəhdidir. Mpoma Konqoya aid çoxlu artefaktın Belçika muzeylərində olduğunu vurğuladı və bunların geri qaytarılması üçün çalışdığını dedi. Belçikada yerləşən Tervuren Muzeyində müstəmləkə dövründən talan edilmiş 180 min artefakt saxlanılır. Ruandadan 40 mindən çox, Burundidən isə təxminən 10 min sənət əsəri oğurlanıb və Belçika hələ də onları qaytarmaq istəmir. Krallıq, həmçinin, Ruanda və Burundidə 1933-cü ildə 600 min etnik kimlik kartı paylayaraq etnik bölgü siyasəti yürütdü. Bu siyasət sonradan 1972 və 1994-cü illərdə kütləvi soyqırımlara səbəb oldu. Hətta 1958-ci ildə Brüsseldəki Ümumdünya Sərgisində konqolular "Konqolu kənd" adı altında sərgilənmişdilər, Avropadakı zooloji bağlarda insan nümayişləri yaxın tarixə qədər davam etmişdi.


Belçika müstəmləkə dövlətləri arasında ən sərt siyasəti yürüdən lider mövqedə olub. İnsan hüquqlarının pozulması və Mərkəzi Afrika ölkələrində baş vermiş faciələr qlobal ictimaiyyətə yaxşı məlumdur, Brüssel nə qədər çalışsa da, bu faktları tarixdən silmək mümkün deyil. BMT-nin 2019-cu ildə dərc etdiyi hesabatda Belçikanın keçmiş müstəmləkələrinə vurduğu zərərlərlə bağlı faktların araşdırılması, arxivlərin açılması və təzminat ödənilməsi tövsiyə olunur. Bakı konfransının mühüm nəticəsi məruzəçilərin qarşılıqlı səylər göstərmək barədə razılığa gəlməsi idi. Onlar BMT Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) dəstəyi ilə əməkdaşlıq və kompensasiyalarla bağlı bütün məsələləri aidiyyəti beynəlxalq təşkilatların gündəminə gətirəcəklərini vurğuladılar. Ümid edilir ki, Bakıda baş tutan bu tədbir nəticəsiz qalmayacaq və məsuliyyətin qəbul edilməsinə yol açacaq.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: