Bakıda "Euronews Academy" təlim proqramının açılış mərasimi olub

11.11.2025 05:57 7 baxış sayı 3 dəq. oxuma Report
Bakıda "Euronews Academy" təlim proqramının açılış mərasimi olub

Medianın İnkişafı Agentliyi (MEDIA) və "Euronews" telekanalının birgə əməkdaşlığı çərçivəsində "Euronews Academy" beynəlxalq tədris proqramının növbəti mərhələsi Bakıda işə başlayıb. Təlim "TV və canlı jurnalistika" mövzusuna həsr edilib və Bakı Dövlət Universitetində keçirilir. Bu dördgünlük proqram BDU-dakı xüsusi auditoriyada "Televiziya xəbərlərinin hazırlanması, televiziya reportajları və canlı yayım" mövzusu ilə start götürüb. Proqramın əsas məqsədi gənc jurnalistlərin televiziya sahəsində bilik və bacarıqlarını təkmilləşdirməkdir.


Təlimin açılış mərasimində çıxış edən "Euronews"un Bakı üzrə icraçı direktoru Fernando Soares "live journalism" formatı haqqında məlumat verib. O bildirib ki, bu format auditoriya ilə birbaşa ünsiyyətə əsaslanan və iştirakçılıq prinsipini önə çıxaran yeni nəsil media təcrübəsidir. Soares qeyd edib ki, proqram jurnalistlərə hadisələri canlı, faktoloji dəqiqliklə və eyni zamanda emosional təsir balansı ilə təqdim etmə imkanı yaradır. O, bu təşəbbüsün informasiya məkanında etibarlılığın və ictimai marağın davamlılığını təmin etmək üçün mühüm addım olduğunu vurğulayıb. İştirakçılar "Euronews" telekanalının Astana bürosunun rəhbəri, peşəkar jurnalist Bojan Brkiçin təqdimatında praktiki biliklər əldə ediblər. Onlar xəbər süjetlərinin hazırlanması, materialların efir üçün strukturlaşdırılması və canlı bağlantıların idarə olunması kimi məsələlərlə tanış olublar.


Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli müasir media mühitində televiziya jurnalistikasının keyfiyyətinin yüksəldilməsinin və yeni texnoloji trendlərin tətbiqinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, bu cür beynəlxalq əməkdaşlıq layihələri milli televiziya məzmununun beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə verməklə yanaşı, medianın davamlı inkişafına şərait yaradır. Tədris prosesi interaktiv mühazirələr, qrup müzakirələri, praktiki tapşırıqlar və televiziya xəbərlərinin analizi ilə davam edir. Proqramın noyabrın 14-dək davam edəcəyi gözlənilir.


E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: