
Azərbaycanı ucaldan, xalqımızı məğrur edən, gələcəyimizə işıq salan Zəfər

Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsinin başa çatmasından beş il ötür. 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da Ermənistanın kapitulyasiyası ilə bitən bu savaş Azərbaycan xalqının əyilməz ruhunu və dövlətimizin gücünü dünyaya nümayiş etdirdi. Bu qazanılan şanlı Zəfər möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin ən möhtəşəm təntənəsinə çevrildi. Azərbaycan xalqı hər zaman böyük əminliklə inanırdı ki, torpaqlar mütləq azad ediləcək. Bu inamın əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi-mənəvi kurs dayanırdı. Cənab İlham Əliyev respublikamıza rəhbərlik etdiyi ilk gündən torpaqların azad olunması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirdi. Bu dövrdə Silahlı Qüvvələrimizin döyüş imkanları artırıldı, ordumuzun şəxsi heyətinin peşəkarlığı yüksəldildi və yeni hərbi birliklər yaradıldı.
Torpaqlarımızın işğaldan azad olunmasına hesablanan fəaliyyət yalnız ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi ilə yekunlaşmadı. Eyni zamanda siyasi sferada mühüm addımlar atıldı, respublikamızın beynəlxalq birlikdəki mövqeləri daha da möhkəmləndirildi. Hücum diplomatiyası yürüdülərək, Ermənistanın işğalçı siyasəti bütün siyasi platformalarda ifşa edildi. İqtisadi yüksəlişə nail olunması Azərbaycanın dünyada nüfuzunu artırdı, beynəlxalq miqyasda uğurlarımıza yol açdı. Bütün bunlar Ermənistanın siyasi-diplomatik küncə sıxışdırılmasını şərtləndirdi. Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında bəyan edirdi ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan öz ərazilərini müharibə yolu ilə işğaldan azad edəcək. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağ savaşı Prezident İlham Əliyevin bu sözlərinin təsdiqi oldu.
Silahlı Qüvvələrimizin «Dəmir yumruq» adını alan əks-hücum əməliyyatı müharibənin ilk saatlarından torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Bir-birinin ardınca kəndlərimizin, rayonlarımızın və şəhərlərimizin azad olunması dövlətimizin gücünü, ordumuzun yüksək döyüş qabiliyyətini və xalqımızın milli birliyini dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin böyük sevinclə xalqımıza çatdırdığı zəfər müjdələri, o cümlədən Cəbrayılın, Hadrutun, Zəngilanın, Qubadlının və Xocalı rayonlarının bir sıra kəndlərinin azad olunması tam qələbə gününün yaxın olduğunu göstərirdi. Cənab Prezident İlham Əliyev Vətən müharibəsi günlərində, noyabr ayının 8-də Şuşa şəhərinin işğaldan azad edildiyi xoş müjdəni çatdırdı. Bu, müharibənin taleyini müəyyən edən mühüm hadisə oldu və məhz bundan sonra Ermənistanın kapitulyasiya etməkdən başqa yolu qalmadı. 8 noyabr tarixi isə təqvimə Zəfər Günü kimi yazıldı.
Bu savaşda Azərbaycan Ermənistana tarixi boyu unutmayacağı layiqli cəzanı verdi. Cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz işğalçı dövləti döyüş meydanında məğlub edərək xalqımıza Zəfər sevincini yaşatdı. Azərbaycanın şərtləri əsasında imzalanan Üçtərəfli bəyanat respublikamızın siyasi-hərbi qələbəsi oldu. Müharibədən ötən beş ilin mənzərəsi Prezident İlham Əliyevin milli maraqları rəhbər tutan qətiyyətli siyasi kursundan və dövlətimizin qüdrətindən xəbər verir. Bunun ən böyük nümunəsi 2023-cü ilin antiterror əməliyyatları nəticəsində Qarabağda erməni separatizminə son qoyulmasıdır. Artıq Qarabağda Azərbaycanın konstitusion əsasları və milli ərazi suverenliyi tam təmin olunub. Ötən illərdə əldə edilən əsas siyasi-diplomatik uğur isə ərazilərimizin işğaldan azad olunması və separatizmin sonu ilə yaranan reallıqların beynəlxalq birlik tərəfindən qəbul edilməsidir.
Son beş ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən möhtəşəm bərpa və quruculuq işləri Azərbaycanın qüdrətinin növbəti təcəssümüdür. Azərbaycan hal-hazırda Lüksemburq dövlətinin ərazisindən dörd dəfə böyük olan Qarabağ və Şərqi Zəngəzuru tamamilə yenidən qurur. Ən əsası odur ki, işğaldan azad edilmiş ərazilərimizdəki bərpa və yenidənqurma işləri yalnız Azərbaycan dövlətinin öz maliyyə imkanları hesabına həyata keçirilir. Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə həkk olunan, xalqımızı məğrur və başıuca edən möhtəşəm bir hadisədir. Azərbaycan xalqı bu Zəfərlə hər zaman qürur duyacaq.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

TDT Baş katibi Zəfər Günü münasibətilə Azərbaycanı...
Azəri Xəbər

Zəfər xronikası. 26 oktyabr 2020-ci il: Birinci vi...
Azəri Xəbər

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə tə...
Azəri Xəbər

İtaliyalı məşqçi Azərbaycanı təbrik etdi
İdman Xəbər

Türkiyə XİN Azərbaycanı təbrik etdi
Bugun.az

Pakistan XİN Azərbaycanı təbrik etdi
Bugun.az



