
Asiya İnkişaf Bankının dəstəyi ilə ADY-nin dekarbonizasiyası üzrə strateji layihəyə start verilib (FOTO)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Asiya İnkişaf Bankı (AİB) arasında tərəfdaşlıq çərçivəsində dekarbonizasiya layihəsi təqdim edilib. AİB-nin dəstəyi ilə həyata keçiriləcək bu layihə Azərbaycanın milli iqlim öhdəliklərini dəstəkləyir. Əsas məqsəd dayanıqlı dəmir yolu sisteminə sürətli transformasiyanı təşviq etməkdir. Bu çərçivədə texniki, maliyyə, iqtisadi, ekoloji və sosial aspektlər dərindən təhlil olunacaq. Yeni təşəbbüs ölkənin aşağıkarbonlu, müasir və rəqabətqabiliyyətli dəmir yolu sisteminə keçidini sürətləndirəcək. ADY Qafqaz və Mərkəzi Asiyada AİB ilə hərtərəfli dekarbonizasiya proqramı həyata keçirən ilk dövlət dəmir yolu şirkətidir. Tərəflər artıq “ADY-nin Dekarbonizasiya Siyasəti və Çərçivə Sənədi”ni hazırlayıblar. Bu gün start verilən layihə həmin strateji çərçivənin praktiki tətbiqi ilə yanaşı, dəmir yolu infrastrukturunda bərpaolunan enerji üzrə tam strukturlaşdırılmış investisiya proqramının hazırlanmasını təmin edəcək.
Asiya İnkişaf Bankının təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən layihə dəmir yolu sektorunda dayanıqlı inkişafın təmin edilməsi baxımından mühüm addımdır. ADB tərəfindən bu məqsədlə 1,25 milyon ABŞ dolları həcmində texniki yardım ayrılıb. Bu yardım dəmir yolu infrastrukturunda enerji səmərəliliyinin artırılması, elektrikləşdirmə prosesinin genişləndirilməsi və emissiyaların azaldılması istiqamətində aparılan hazırlıq işlərinə şərait yaradır. Layihə dizel əsaslı hərəkət tərkibindən mərhələli şəkildə imtina edilməsini, həmçinin bərpa olunan enerji mənbələrinin, xüsusilə günəş enerjisinin stansiya və xidmət sahələrinə inteqrasiyasını nəzərdə tutur. Bank tullantıların monitorinqi və hesabatlılığı sahəsində potensialın gücləndirilməsi və mövcud texnologiyalar üzrə imkanların müəyyən edilməsi istiqamətində də texniki dəstək göstərəcək.
ADY sədri Rövşən Rüstəmov tədbirdə çıxış edərək layihənin "Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri"ndəki dekarbonizasiya, rəqəmsallaşma və dəhliz rəqabətliliyi prioritetlərinin reallaşmasında əhəmiyyətli rol oynadığını bildirib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində strateji tranzit mərkəzinə çevrildiyi bir vaxtda layihənin əhəmiyyəti artır. Sədr Orta Dəhliz və Şimal–Cənub marşrutları üzrə yük daşımalarının artmasının dəmir yolu sisteminin səmərəlilik, etibarlılıq və ekoloji məsuliyyət baxımından gücləndirilməsini tələb etdiyini deyib. Dekarbonizasiya təşəbbüsü Azərbaycanın 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35%, 2050-yə qədər isə 40% azaltmaq üzrə milli hədəflərinə yönələn fəaliyyəti gücləndirir. Son illərdə ADY dekarbonizasiya üzrə vacib addımlar atıb. Məsələn, son bir ildə təbii qaz istehlakında 50% azalma qeydə alınıb. Dəmir yolu şəbəkəsinin 63%-i elektrikləşdirilib, yükdaşımaların 80%-dən çoxu elektrik lokomotivlərlə həyata keçirilib. Biləcəri və Gəncə lokomotiv depolarında 650-dən çox günəş paneli quraşdırılıb, “yaşıl enerji”nin istehsalı 2023-cü illə müqayisədə 50% artıb.
AİB ilə əməkdaşlıq rəqəmsallaşma sahəsindəki irəliləyişləri də ADY-nin modernləşmə prosesinin ayrılmaz hissəsi kimi möhkəmləndirir. Bu əməkdaşlıq şirkətə yük əməliyyatları üçün tam elektron sənəd dövriyyəsinin, həmçinin rəqəmsal imza sistemlərinin tətbiqinə şərait yaradır. Bank, həmçinin ESG prinsipləri, dayanıqlılıq təcrübələri və uyğunluq tələbləri üzrə təlim proqramlarının hazırlanmasında iştirak edir. ESG prinsiplərinin tətbiqi çərçivəsində ADY-nin təşəbbüslərində gender bərabərliyinin təşviqi, inklüziv iş mühitinin yaradılması və idarəetmədə qadınların təmsilçiliyinin artırılması da nəzərdə tutulub. Dekarbonizasiya üzrə layihə bərpaolunan enerjinin inteqrasiyası və uzunmüddətli emissiya azaldılması strategiyalarını müəyyənləşdirmək üçün texniki-iqtisadi əsaslandırma həyata keçirəcək. Bu tədbirlər dəmir yollarının “net-zero”, yəni tam karbonsuz nəqliyyat növü kimi formalaşmasına imkan verəcək. ADY-nin AİB və digər beynəlxalq maliyyə institutları ilə əlaqəsi şirkətin regional mövqeyini gücləndirir.
Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Gələn ay “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Də...
Azəri Xəbər

Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə ə...
Azəri Xəbər

ADB Azərbaycanı su ehtiyatlarının davamlı idarə ed...
Azəri Xəbər

“Career Boost | 24” adlı yeni layihəyə start veril...
Edumap.az Təhsil Portalı

Əli Əsədov Masato Kanda ilə görüşdü
Bugun.az

ADY-nin dekarbonizasiyası üzrə hərtərəfli ilkin he...
Azəri Xəbər



