Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib (FOTO)

14.11.2025 13:45 7 baxış sayı 2 dəq. oxuma Trend
Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib (FOTO)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də Asiya İnkişaf Bankının (AİB) prezidenti Masato Kanda ilə görüşdü.


Nazirlər Kabinetinin yaydığı məlumata görə, görüşdə Azərbaycan ilə AİB arasında uzun müddətə dayanan səmərəli tərəfdaşlığın olduğu bildirilib. Ötən müddət ərzində Bank Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına dəstək verib. Tərəflər nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil və səhiyyə sahələrini əhatə edən birgə layihələrin uğurla həyata keçirilməsindən məmnunluqlarını ifadə etdilər. Azərbaycan AİB-in az inkişaf etmiş ölkələrə yardım göstərilməsi təşəbbüsünün aktiv iştirakçısıdır və ölkəmiz Bankın Asiya İnkişaf Fonduna ianələr ayırır.


Görüş zamanı ölkədə yaradılan əlverişli investisiya və biznes mühitinə toxunulub. Həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dirçəlişi istiqamətində həyata keçirilən geniş proqramlar barədə məlumat verildi. Bu ərazilərin yüksək investisiya potensialı xüsusilə vurğulandı. Azərbaycan bu ərazilərin yenidən qurulması prosesində AİB-lə əməkdaşlığı davam etdirməyə hazırdır.


Əli Əsədov və Masato Kanda cari ilin iyul ayında təsdiqlənmiş 2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirdilər. Bu strateji sənəd əsasında prioritet istiqamətlər üzrə əməkdaşlıq yolları müzakirə olundu. İkitərəfli gündəlikdə duran perspektivli layihələr arasında metro şəbəkəsinin genişləndirilməsi, dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi və su təchizatı sisteminin yaxşılaşdırılması kimi mühüm məsələlər yer aldı.


S
Energetika müxbiri

Neft-qaz sektoru və energetika mənim əsas mövzularımdır. SOCAR və digər energetika şirkətlərinin fəaliyyətini izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: