Allahşükür Paşazadə: Erməni kilsəsi və diasporası sülh prosesini pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır

04.12.2025 15:47 6 baxış sayı 3 dəq. oxuma Report
Allahşükür Paşazadə: Erməni kilsəsi və diasporası sülh prosesini pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri, həmçinin onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Şeyxülislam Paşazadə Azərbaycanda mövcud olan unikal multikultural həyat tərzindən danışdı. O, ölkə rəhbərinin səyləri sayəsində dövlətimizin beynəlxalq dinlərarası dialoq müstəvisində qabaqcıl rol oynadığını vurğuladı. Dini mərkəz olaraq QMİ-nin də dünya miqyasında dinlərarası əməkdaşlıq istiqamətində apardığı fəaliyyət barədə məlumat verdi.


Azərbaycanda tarixən tolerant mühitin olduğunu, bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə mehribanlıq şəraitində yaşadığı məmnunluqla qeyd edildi. Şeyxülislam A. Paşazadə görüşdə iştirak edən Azərbaycandakı dini konfessiyaların rəhbərlərini qonaqlara təqdim etdi. O xüsusi olaraq bildirdi ki, dini liderlər hər zaman bir yerdədir və bütün tədbirlərdə birgə iştirak edirlər. Yəhudi icmasına dövlət səviyyəsində yaradılan şərait və göstərilən diqqət yüksək qiymətləndirildi, onların ölkənin ictimai həyatında fəal iştirakı qeyd edildi.


Dini liderlərin mənəvi missiyasının sülhə xidmət olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə sülh prosesinə maneələr yaradan qüvvələrə də toxundu. O qeyd etdi ki, iki ölkənin siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğuna səy göstərsə də, erməni kilsəsi və erməni diasporası dağıdıcı təbliğat aparır. Onlar bütün gücləri ilə bu prosesi pozmağa çalışırlar. Paşazadə azad edilmiş Azərbaycan torpaqlarında aparılan irimiqyaslı yenidənqurma və bərpa işləri, Böyük Qayıdışın həyata keçirilməsi barədə də qonaqlara məlumat verdi. O bildirdi ki, azad olunmuş torpaqlarda mənşəyindən asılı olmadan bütün dini məbədlər - məscidlər, kilsələr, o cümlədən erməni mənşəli dini obyektlər təmir edilir.


ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer öz növbəsində Azərbaycan dövlətinin və dini liderinin dünya miqyasında mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrdən danışdı. O, Azərbaycanın evsahibliyi etdiyi və dünyanın nüfuzlu dini liderlərini mütəmadi olaraq bir araya gətirdiyi beynəlxalq forumların əhəmiyyətini xüsusi vurğuladı. Bu görüş Azərbaycandakı dini tolerantlığın beynəlxalq aləmdə bir daha təsdiqlənməsi baxımından önəmli oldu.


N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: