🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Şeyxülislam Allahşükür Paşazadə BMT Baş katibini Azərbaycana dəvət etdi

13.10.2025 10:37 14 baxış sayı 3 dəq. oxuma
Şeyxülislam Allahşükür Paşazadə BMT Baş katibini Azərbaycana dəvət etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfəri çərçivəsində BMT Baş katibi Antonio Quterreş tərəfindən Təşkilatın Baş Qərargahında qəbul edilib.


Bu barədə məlumat Qafqaz Müsəlmanları İdarəsindən verilib.


Bildirilib ki, Şeyxülislam Paşazadə Antonio Quterreşin BMT Baş katibi vəzifəsində olduğu təxminən 9 illik müddət ərzində Baş Qərargahda qəbul etdiyi ən ilk dini liderdir. Görüşün əvvəlində Şeyxülislam BMT Baş katibinə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb.


QMİ sədri bu yaxınlarda Ağ Evdə ABŞ Prezidentinin rəhbərliyi ilə Ermənistan-Azərbaycan sülh protokolunun imzalanması münasibətilə dərin məmnunluğunu ifadə edib. O, sülhün bərqərar olmasında BMT Baş Katibinin səylərinin çox təsirli olduğunu vurğulayaraq, buna görə Quterreşə Azərbaycan dindarları adından və şəxsən öz adından təşəkkürünü çatdırıb.


QMİ sədri qeyd edib ki, Azərbaycan və Ermənistanın siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərsələr də, erməni kilsəsi və erməni diasporu bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır.


Quterreş cavab olaraq: "Bu, qəbuledilməzdir," - deyib.


QMİ sədri BMT baş katibinə Azərbaycanın azad olunmuş ərazilərində mənşəyindən asılı olmayaraq, bütün dini və mədəni obyektlərin genişmiqyaslı bərpa prosesi, Azərbaycanda mövcud olan unikal dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşma mühiti, eləcə də dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə məlumat çatdırıb.


Azərbaycanda məzhəblər arasında anlaşmanın uğurlu modelinin İslam dünyasında nümunə kimi qəbul edildiyini diqqətə çatdıran QMİ sədri, gələn il Azərbaycanda Müsəlman Ağsaqqalları Şurası və BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə İslamdaxili dialoq və İslamofobiya ilə mübarizəyə həsr olunmuş mötəbər tədbirin keçiriləcəyini BMT Baş katibinin diqqətinə çatdırıb. O, cənab Quterreşi bu tədbirdə iştirak etməyə dəvət edib.


BMT Baş katibi öz növbəsində, QMİ sədrini BMT Sivilizasiyalar Alyansının bu ilin dekabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək növbəti Qlobal Forumunda iştirak etməyə dəvət edib.


Şeyxülislam cənab Quterreşi Azərbaycanda görmək və ona ən yüksək səviyyədə qonaqpərvərlik göstərmək arzusunda olduğunu dilə gətirib. BMT Baş katibi Azərbaycanı daha əvvəllər, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olduğu dövrdə bir neçə dəfə ziyarət etdiyini, ölkəmiz barədə ən xoş təəssüratlarının olduğunu qeyd edərək, orada yenidən olmaqdan məmnun olacağını deyib.


Paylaş: