🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Minimum əmək haqqı və pensiyalar bu qədər artırılacaq - MƏBLƏĞ

15.11.2024 16:32 33 baxış sayı 4 dəq. oxuma
Minimum əmək haqqı və pensiyalar bu qədər artırılacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq. Onun sözlərinə görə, bununla bağlı təkliflər hazırlanıb, müvafiq olaraq dövlət büdcəsində nəzərə alınıb. Nazir deyib ki, dövlət büdcəsinin yekunundan sonra bu barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, hazırda Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 345, minimum pensiya məbləği isə 280 manat müəyyən edilib. Maraqlıdır, ölkədəki iqtisadi vəziyyəti, bazar şərtlərini, istehlak xərclərini və digər reallıqları nəzərə alsaq, minimum əməkhaqqı və minimum pensiya məbləği nə qədər olmalıdır?

Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, minimum əməkhaqqı və təqaüdlərdə cəmi 10 faizlik artım olacağı gözlənilir. İqtisadçının sözlərinə görə, Azərbaycanda bu sahədə daha böyük artım olması üçün yaşayış minimumu, minimum istehlak zənbili, bunların hesablanma qaydaları dəyişməlidir: “Bu məbləğ nə qədər olmalıdır sualı bir az mücərrəddir. Təbii ki, biz hamımız istəyərik ki, çox olsun, həddindən artıq yüksək sürətlə artsın. Amma reallıq ondan ibarətdir ki, bu il 10 faiz civarında artım olacaq. Yəni, minimum əməkhaqqında da, təqaüdlərdə də 10 faizlik artım gözlənilir. Bu ondan irəli gəlir ki, bizdə yaşayış minimumu, minimum istehlak zənbili, bunların hesablama qaydaları doğru deyil. Ona görə də o parametrlər dəyişməlidir ki, minimum əməkhaqqı və təqaüd hesablanma qaydaları da dəyişsin”.

İqtisadçı-ekspert Eldəniz Əmirov isə Medianews.az-a bildirib ki, istər minimum əməkhaqqı, istərsə də minimum pensiyanın məbləği adətən inkişaf etmiş, iqtisadi cəhətdən hər hansı problemi olmayan, iqtisadi vəziyyəti qənaətbəxş ölkələrdə, real iqtisadi vəziyyətə, bazar şərtlərinə, o cümlədən də insanların sosial rifah səviyyəsinə uyğun şəkildə müəyyən edilir, bu barədə müvafiq qərarlar qəbul olunur. Onun sözlərinə görə, Azərbaycanda da minimum əməkhaqqı və pensiya əhalinin yaşam standartlarını yaxşılaşdırmaq, yoxsulluğu aradan qaldırmaq və sosial bərabərliyi təmin etmək üçün bir vasitə olaraq istifadə edilməkdədir: “Növbəti ilin yanvarın 1-dən minimum əməkhaqqının artırılması, eyni zamanda minimum pensiya məbləğinin artırılması gözlənilir. O ki, qaldı bunun hansı həddə müəyyən edilməsi, təbii ki, bu hədlər əhalinin istehlak xərcləri, inflyasiya, bazarın mövcud vəziyyəti və digər istiqamətlər əsasında formalaşır. Nəzərə alsaq ki, 2023-cü ilin yanarın 1-dən minimum əməkhaqqı 300 manatdan 345 manata qaldırılıb. Artıq 2025-ci ildən yeni səviyyənin müəyyən edilməsinə ehtiyac var. Onun həddi ilə bağlı hansısa rəsmi açıqlama verilməmişdir. Sadəcə mövcud şərtləri nəzərə alsaq, ehtimal edirəm ki, minimum əməkhaqqı ən azı 16 faiz artırılaraq, 400 manata çatdırılacaqdır. Hazırki bazar şərtləri daxilində əməkhaqqının ən azı 400 manata çatdırılmasına ehtiyac var, bu, bir zərurətdir. Minimum pensiya məbləğinin artımı isə adətən özündən əvvəlki ilin orta aylıq əməkhaqqının artım səviyyəsi ilə indeksasiya edilir. Yəni 2024-cü ildə orta əməkhaqqı nə qədər artacaqsa, 2025-ci ilin yanvarın 1-dən minimum pensiyanın həddi də həmin səviyyədə artırılacaqdır”.

Etiketlər

Paylaş: