DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı xəbərdarlıq edib. İdarədən verilən məlumatda bildirilib ki, qış fəsli yaxınlaşdıqca nəqliyyat vasitələrinin mövsümə uyğun təchizatı xüsusi əhəmiyyət kəsb edir. Sürücülərə avtomobillərinin texniki vəziyyətini vaxtında yoxlamaq tövsiyə olunur.
Goranboyda ağır yol-nəqliyyat hadisəsi: sərnişin ölüb
Goranboy rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Todan kəndi ərazisində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan "Lada NİVA" markalı minik avtomobili idarəetməni itirərək təxminən 150 metr hündürlükdən dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin həyatını itirib.
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb
Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı İmanova Mələk Zakir qızı tapılıb. Bu barədə azyaşlının yaxınları məlumat verib. Qeyd edək ki, Mələk İmanova noyabrın 2-də saat 19:30 radələrində Xırdalan şəhərində yerləşən Kristal-1 yaşayış kompleksi ərazisində itkin düşmüşdü. Polis araşdırmalara başlamışdı.
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Noyabrın 3-də Bakının Yasamal, Səbail, Binəqədi və Xəzər rayonlarında elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Bu barədə "Azərişıq" məlumat yayıb. Məhdudiyyət həmin ərazilərdə aparılacaq təmir və yenidənqurma işləri ilə bağlıdır. Həmçinin Yasamal, Nizami və Abşeron rayonlarının bir sıra ərazilərində də abonentlərin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə təmir işləri aparılacaq.
Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq
Bakının Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində noyabrın 4-də səhər saat 10:00-dan etibarən qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Buna səbəb magistral qaz kəmərində aşkar edilmiş qaz sızmasının aradan qaldırılması ilə bağlı aparılacaq işlərdir.
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Ucar rayonunda bədbəxt hadisə baş verib. Rayonun Qulabənd kəndi sakini, 1988-ci il təvəllüdlü Elvin Xankişiyev qonşunun həyətində xurma yığmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib
Sosial Xidmətlər Agentliyi və "Azərsun Holdinq"in birgə təşkilatçılığı ilə şəhid övladları üçün əyləncəli tədbir keçirilib. Tədbir Vətən müharibəsinin 6-cı ildönümü ərəfəsində baş tutub. Proqram çərçivəsində 20-yə yaxın şəhid övladı "Dreamland Baku" əyləncə mərkəzində təşkil olunan proqramda iştirak edib.