Bakıda və bölgələrdə intensiv yağışların fəsadları davam edir - 166 nəfər təxliyə olunub
Son günlər ölkə ərazisində davam edən intensiv yağışlar ciddi fəsadlara yol açıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində fasiləsiz işlər aparır. Hazırda ümumilikdə 166 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri əməliyyatlara cəlb edilib. Yalnız Bakının Nizami rayonunun Keşlə qəsəbəsində baş verən subasma nəticəsində 97 sakin təxliyə olunub. Bundan əlavə, Bakı, Sumqayıt, Abşeron və Xızı ərazilərində suyun çəkilməsi işləri davam etdirilir.
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi - Nazir Heydərov əraziyə baş çəkib
Bakının Səbail rayonunda, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb və nəqliyyat hərəkəti qismən məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Aprelin 6-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əraziyə baş çəkərək vəziyyətlə yerində tanış olub. Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin sabitləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.
Bakı-Quba yolunu sel basıb, Siyəzəndə körpü uçub
Bakı-Quba yolunun bir hissəsini sel suları basıb. İntensiv yağıntılar nəticəsində Siyəzən və Şabran rayonlarının ərazisində, xüsusilə dağlıq sahələrdə güclü sel axınları formalaşıb və əraziyə texnikalar cəlb olunub. Bundan başqa, Siyəzən rayonunda aramsız yağışlar nəticəsində Siyəzən-Məşrif avtomobil yolunun 11-ci kilometrində Gilgilçay üzərindəki körpünün bir hissəsi uçub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hadisə ilə bağlı məlumat yayıb.
Sabunçuda yaşayış evi çöküb - xəsarət alan var
Bakının Sabunçu rayonunda fərdi yaşayış evinin bir hissəsi çökərək bir nəfərin dağıntı altında qalmasına səbəb olub. Hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində baş verib. Məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub və xilasetmə əməliyyatına başlanılıb.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir
Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 1 metr 2 santimetrə çatıb. Meteoroloqlar yaxın saatlarda da yağıntıların davam edəcəyini proqnozlaşdırır.