Nazirlik: İranda Azərbaycan dilində təhsil verən məktəb yoxdur
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İranda Azərbaycan dilində təhsil məsələsinə dair rəsmi açıqlama yayıb. Nazirlik bildirib ki, İranın apardığı siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan heç bir məktəb mövcud deyil. Qurumun açıqlamasında azərbaycanlıların öz ana dillərində təhsil almaq hüququndan məhrum edildiyi vurğulanıb.
Azərbaycanda adambaşına maliyyələşdirmə qaydaları təsdiqlənib
Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydalarını təsdiqləyib. Baş nazir Əli Əsədovun imzaladığı qərarla dövlət məktəblərinin maliyyələşdirilməsi sistemində yeni mərhələnin əsası qoyulub. Sənədə əsasən, hər bir təhsilalan üçün illik təhsil xərclərinin miqdarına təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalları müəyyənləşdirilib.
Suriyada təhsil proqramı köklü şəkildə dəyişdirilib
Suriyada 61 illik Bəəs rejiminin devrilməsindən sonra başladılan yenidənqurma addımları təhsil sahəsinə də təsir edib. Suriyanın Təhsil Nazirliyi yenilədiyi təhsil proqramında Osmanlı Dövləti, Ərəb üsyanı və milli kimlik mövzularında köklü dəyişikliklər edib. Yeni dərsliklərdən "Osmanlı işğalı" ifadəsi çıxarılıb, Osmanlı dövrü ilə bağlı məlumatlar tamamilə yenidən işlənib.
Azərbaycan və Özbəkistan elmi əməkdaşlığı genişlənir
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bildirib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir. Bu barədə səfir Bakıda Özbəkistanda İslam Sivilizasiyası Mərkəzinin təqdimatı çərçivəsində keçirilən tədbirdə danışıb. O, Azərbaycan və Özbəkistanın elmi əməkdaşlığı genişləndirməyi planlaşdırdığını qeyd edib.
Fransa məktəb binalarının təmirinə əlavə 4 milyard avro ayırır
Fransa hökuməti təhsil sahəsində yeni dəstək paketini açıqlayıb. Baş nazir Sebastyen Lekornu paytaxt Parisdə lisey və universitet tələbələri ilə görüşdə məktəb binalarının təmirinə əlavə 4 milyard avro ayrılacağını bildirib. Bununla yanaşı, daha yaxşı təhsil şəraiti tələb edən tələbələr aksiyaları davam etdirməyə çağırılıb.